“Azərbaycanın neft-qaz sektoruna xarici şirkətlərin indiyə qədər kapital qoyuluşu təqribən 105 milyard dollar olub. Bundan əlavə də 25 milyard dollara yaxın istismar xərcləri olar. Nəticədə hardasa 5 milyard barrelə yaxın neft və kondensat, 280 milyard m3-dan çox qaz çıxarılıb”.
Bunu “AzPolitika”-ya açıqlamasında neft-qaz sektoru üzrə tanınmış analitik İlham Şaban bildirib.

Ekspert bildirir ki, bu hasilatı pula çevirsək, ümumilikdə təqribi 400 milyard dollara yaxın qazanc olub: “Ondan 130 milyard xərci çıxsaq, 270 milyard dollar qalır. Onun da 25%-i xarici şirkətlərin mənfəəti olub: yəni 68 milyard dollara yaxını. Neft Fondunun gəliri 202 milyard dollardı. Bundan əlavə xarici şirkətlər Azərbaycandan qazandıqları üzrə də dövlətə 16 milyard dollar ətrafında da vergi ödəyiblər”.
O, əlavə edir ki, bu, ancaq xarici neft şirkətlərinin fəaliyyəti üzrə daxil olan gəlirlərdir, SOCAR-ın qazancı bura aid deyil.
İlham Şaban vurğulayıb ki, nəticə etibarı ilə Azərbaycan əli çatmayan dəniz yataqlarını "icarəyə" verməklə, özünə əziyyət vermədən mənfəət kimi 230 milyard dollara yaxın qazanc əldə edə bilib. Ekspert hesab edir ki, bu, ətraf ölkələrlə müqayisə edəndə yaxşı nəticədir: “Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi enerji resursları ilə zəngin ölkələr bizim səviyyəmizdə mənfəət əldə edə bilmədilər. Yəqin ona görə ki, dünya bazarlarından çox uzaqda yerləşiblər. İkincisi, Rusiyanın basqısı onlarda daha çox hiss olunurdu və ümumən, savadlı kadrları - əsasən də texniki mütəxəssisləri az olub”.
İrana gəldikdə, mütəxəssis bildirir ki, İslam İnqilabından sonra ancaq neft sektorundan təqribən 1,5 trilyon dollardan az gəlir götürdülər. “Çünki texnologiyaya çıxışları olmadığından lazımi həcmi çıxara bilmədilər və yataqlar da faktiki batdı. Rusiya isə özünüz görürsünüz – təkcə Putin dövründə ölkədən 1 trilyon dollar vəsait gedər-gəlməzə yollanıb, Ukrayna müharibəsi isə onu azı 10-15 il geriyə saldı”, - İ.Şaban vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər