Menu

Tramp hökumətindən Rusiyaya daha bir jest – ABŞ şirkətləri “Şimal axını 2 “layihəsinin bərpasına çalışır?

02.03.2025, 21:51
Tramp hökumətindən Rusiyaya daha bir jest – ABŞ şirkətləri “Şimal axını 2 “layihəsinin bərpasına çalışır?

ABŞ 2022-ci il sentyabrın sonunda partladılmış Rusiyanın “Şimal axını 2” qaz kəmərinin yenidən işə salınması ilə bağlı müzakirələrdə iştirak edir.

“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti öz mənbələrinə istinadən yazır. Onların sözlərinə görə, Baltik dənizində qaz kəmərinin istismarını bərpa etmək təklifi layihənin operatorunun keçmiş icraçı direktoru Matias Uarnigdən gəlib və amerikalı investorlar tərəfindən dəstəklənir.

Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri bu təşəbbüsə Moskva ilə münasibətləri yaxşılaşdırmaq və Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında qaz kəmərindən istifadə etmək imkanı kimi baxırlar.

Nəşr yazır ki, Brüssel ABŞ-nin Avropa enerji bazarına təsirinin artmasından ehtiyat edərək müzakirələrə ehtiyatla yanaşır.

Bu ideya ABŞ sanksiyalarının ləğvini, Rusiyanın tədarükün bərpası ilə bağlı razılığını və Almaniyanın bütün avropalı alıcılara boru kəmərinə giriş icazəsi verməsini tələb edəcək.

Kremldən “Financial Times”-a bildiriblər ki, onlarda belə danışıqlar barədə məlumat yoxdur. Uarnig amerikalı siyasətçilər və iş adamları ilə heç bir müzakirədə iştirak etmədiyini deyib və kəmərin ABŞ sanksiyaları altında olduğunu xatırladıb. “Qazprom” şərh verməkdən imtina edib.

Mattias Uarnig Rusiya Prezidenti Vladimir Putinin çoxdankı dostudur. 2015-ci ildə iş adamı Almaniyanın o zamankı kansleri Angela Merkel ilə birlikdə “Şimal axını 1”-in açılışında iştirak edib.

2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra Uarniq Moskvanın hərəkətlərini böyük səhv adlandırıb və “Rosneft” və “Transneft”in idarə heyətini tərk edib. 2023-cü ildə Uarnig “Şimal Axını 2”-nin operatoru olan “Nord Stream 2 AG” şirkətinin rəhbəri vəzifəsindən istefa verib. 22 fevral 2022-ci ildə Almaniya “Şimal axını 2”-nin sertifikatlaşdırılmasını dondurub və ertəsi gün ABŞ “Şimal axını 2 AG” şirkətinə qarşı sanksiyalar tətbiq edib.

2022-ci il sentyabrın sonunda Baltik dənizində “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd xəttindən üçü zədələnib. İsveç, Danimarka və Almaniyada aparılan araşdırmalar göstərib ki, qaz kəmərləri partladılıb, lakin məsuliyyət daşıyanlar hələ də müəyyən edilir.

Rusiya istintaqda iştirak etmir. Moskva baş verənlərə görə ABŞ və müttəfiqlərini günahlandırır. Onlar partlayışda iştiraklarını inkar edirlər. Bəzi müstəntiqlər Ukraynanın qaz kəmərlərinin təxribatında iştirak etdiyini iddia edirlər. Kiyev bu ittihamları rədd edir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol