Menu

Putin-Tramp görüşü daha erkən baş tuta bilər – “CNN” təfərrüatları açıqladı

03.03.2025, 11:35
Putin-Tramp görüşü daha erkən baş tuta bilər – “CNN” təfərrüatları açıqladı

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş verən mübahisə səbəbindən amerikalı lider Rusiya lideri Vladimir Putinlə əvvəlcədən planlaşdırıldığından daha tez görüşə bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə “CNN” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ administrasiyasında bu ssenari “qapalı qapılar arxasında” müzakirə olunur.

“Bununla yanaşı, Moskvada optimizm artır, çünki ABŞ və Ukrayna prezidentləri arasındakı münaqişə fonunda müharibənin dayandırılması ilə bağlı danışıqlar ikinci plana keçə və ABŞ ilə Rusiya arasında potensial sərfəli iqtisadi anlaşmalar ön plana çıxa bilər”,-deyə nəşr qeyd edir.

Nəşr bildirir ki, hazırda Amerika və Rusiya nümayəndə heyətləri arasında ikinci danışıqlar raundunun hazırlanması gedir və bu görüş “yaxın vaxtlarda, ehtimal ki, həm də Fars körfəzindəki ölkələrdən birində” baş tuta bilər.

Kremldə bu danışıqlarda iştirak edən Kirill Dmitriyev “CNN”-ə bildirib ki, ABŞ ilə əməkdaşlıq çərçivəsində “enerji” sazişləri nəzərdə tutula bilər, lakin detallar hələ açıqlanmır. Eyni zamanda, nəşr xatırladır ki, Rusiya qaz kəməri “Şimal Axını 2”nin bərpasına Amerika investorlarını cəlb etmək cəhdləri ilə bağlı da xəbərlər yayılıb. Qeyd olunurki, bu qaz kəməri Almaniya tərəfindən Rusiyanın Ukraynaya müdaxiləsinin əvvəlində dayandırılmışdı.

“ABŞ-nin Rusiya ilə biznesdən böyük gəlirlər əldə edə biləcəyi ehtimalı açıq-aşkardır, çünki Rusiya faydalı qazıntı ehtiyatlarına görə dünyada dördüncü yerdədir. Bu isə məşhur sərfəli müqavilələr ardınca qaçan prezident Trampı cəlb edir”,-deyə bildirilir.

Lakin məqalədə vurğulanır ki, baş verənlər təkcə biznes maraqlarından daha böyük bir məsələyə bənzəyir:“Bu, ABŞ ilə Rusiya arasındakı münasibətlərin fundamental şəkildə yenidən qurulmasıdır Kremlə yaxınlaşmaq ABŞ-nin ənənəvi müttəfiqləri ilə münasibətlərini təhlükəyə atır və Avropanı Vaşinqtonun qlobal siyasətdə radikal dönüşünün nəticələri ilə təkbaşına üz-üzə qoyur.”

Nəşr ABŞ prezidentinin niyə ənənəvi tərəfdaşlar əvəzinə Kremlin tərəfini seçdiyi sualına cavab axtarır. Bununla yanaşı, Trampın Kremlin agenti olması və ya Putinə şəxsi öhdəliklərinin olması ehtimalını rədd edir.

“Mümkündür ki, bu, sağçı ideoloji fantaziyanın nəticəsidir ki, gələcəkdə ABŞ və Çinin qarşıdurmasında Rusiya təbii müttəfiq ola bilər və onu öz əsas tərəfdaşından ayırmaq mümkündür”, – məqalədə qeyd olunur.

Lakin nəşr bu fərziyyəni də “şübhəli” hesab edir.

Şübhə doğurmayan məqam isə odur ki, adətən gərgin, hətta açıq şəkildə düşmən olan ABŞ-Rusiya münasibətləri “yeni və radikal mərhələyə qədəm qoyur”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol