Belarus prezidenti Aleksandr Lukaşenko hökumətdən Rusiyaya dua etməyə son qoymağı tələb edib və ölkədə istehsal edilən malların satışı üçün yeni bazar tapmağa çağırıb.
Virtualaz.org saytının xəbərinə görə, Lukaşenko deyib ki, Nazirlər Kabinetinin məsələni həll etmək üçün cəmi bir neçə həftə vaxtı var.
“Əks halda ölkəni devalvasiya, sənayenin ixtisarı, defolt və işsizlik gözləyir” - deyə Lukaşenko xəbərdarlıq edib.
Xatırladaq ki, son zamanlar Belarusla Rusiya arasında yeni iqtisadi çəkişmə yaşanır. Rusiya Belarusdan tələb edib ki, Avropa İttifaqı mənşəli malları öz ərazisindən buraxmasın.
Ancaq Belarus Rusiyanın anti-Avropa sanksiyalarına qoşulmayıb və ticarəti davam etdirir, nəticədə Rusiya Belarusda istehsal edilən bəzi ərzaq mallarının ölkəyə girişini dayandırıb. Tərəflər arasında artan gərginlik sərhəddə 2010-cu ildə Gömrük İttifaqı razılaşmasına əsasən ləğv edilmiş gömrük nəzarətinin bərpasına gətirib çıxarıb. Hazırda Rusiya ilə onun ən yaxın müttəfiqi hesab olunan Belarus arasında ticarət müharibəsi yaşanır.
“Bizim hamımızı daim Rusiya bazarına dua etmək bezdirib. Hərçənd ki, Rusiya bizə qardaş ölkədir. Görürsünüz, onların bazarı çökür və biz də onların ardınca uçuruq. Bəli, biz nə vaxtsa 85 faizə qədər mallarımızı Rusiya bazarında satırdıq, indi isə bu, 40-45 faizdir” - Lukaşenko deyib.
Onun sözlərinə görə, analoji vəziyyət Qazaxıstanda da yaşana bilər, çünki o da Belarus kimi Rusiya iqtisadiyyatından asılıdır. Lukaşenko Ukraynada baş verənlərin də Belarus iqtisadiyyatına zərbə vurduğunu deyib. O, hökumətdən tələb edib ki, istənilən yolla yeni bazarlar tapsınlar.


Şərhlər