“Ötən gündən başlayaraq "Asan imza" sistemi işləmir. Əslində ölkənin bütün identifikasiya sistemi, xeyli sayda vacib biznes və dövlət xidmətləri məhz “Asan imza” üzərində "oturub" desək, yanılmarıq. Yəni çox sayda vergi, bank, mühasibatlıq xidmətlərini əldə etmək üçün mütləq “Asan imza” olmalıdır. İndi təsəvvür edin ki, iki gündür ki bu sistem işləmir”.
“AzPolitika” bildirir ki, bu barədə Azərbayan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Ekspert vurğulayır ki, “Asan imza” vasitəsilə imzalama prosesini başa çatdırmaq, resurslardan və elektron xdimətlərdən istifadə etmək mümkün deyil.
Onun sözlərinə görə, bəzən də sistemin hədsiz yükləndiyi görsənir: “Adətən “Asan imza”da tez-tez baş verən bu tip problemlər bir neçə saata həll olunardı. İndi isə problemi bir sutkadan çoxdur ki həll edə bilməyiblər”.
“Görəsən nə baş verib? Kiber hücummu olub, yeniləmə prosesində səhvlərmi baş verib? Kimdir günahkar?”, -deyə, O.Gündüz suallar ünvanlayıb.

“Asan imza” sisteminin xarici şirkətə - “Best Solution” şirkətinə məxsus olduğunu xatırladan AİF prezidenti qeyd edir ki, hələlik nə bu imzanın sahibi, nə də "Asan imza" şəxsi kabinetinin operatoru olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bununla bağlı heç bir açıqlama verilməyib: “Güman ki, şikayətlər də çox olduğundan “Best Solution” şirkəti Çağrı Mərkəzinin 1847 nömrəsini də birdəfəlik xətdən ayırıb, qoşulmaq mümkün deyil. Sadəcə biabırçılıqdır. Prosesin nə qədər çəkəcəyi də bəlli deyil. Bütün bunlar isə doğru bir hal deyil, belə vəziyyət Azərbaycanın indiki inkişaf vəziyyətinə də uyğun olan bir yanaşma deyil”.
O.Gündüz hesab edir ki, mövcud yeni qanunvericiliyin tələblərinə görə “Asan imza” sistemi də kritik infrastruktura aid edilməlidir.
O, vurğulayıb ki, kritik qurumların siyahıları açıqlanmadığından indiki halda bunu demək də çətindir: “Lakin xeyli müddət fəaliyyət göstərməyən bir sistemin yaratdığı problem kütləvi xarakterlidir, bütün ölkə üzrə sahibkarlar və xidmət istifadəçiləri elektron xidmətləri əldə edə bilməyiblər. Sahibkarlar bununla əlaqəli öhdəlikləri yerinə yetirə bilməyiblər, əmək haqlarını verə bilməyiblər və s”.
Sahibkarların, biznesin bununla əlaqəli problemlərdən çəkdiyi ziyanları kim ödəyəcək?
Osman Gündüz bildirir ki, 3 ildir fəaliyyətə başlayan digər rəqəmsal imza, SİMA, çox yerə inteqrasiya olsa da, biznes sektoruna inteqrasiyanı başa çatdıra bilməyib: “E-qaimə, bütün növ vergi bəyannamələri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi, əmək haqları ilə bağlı və s. xidmətləri əldə etmək yalnız “Asan imza” ilə mümkündür. Görəsən, kimlər maraqlıdır ki, imza sektorunda alternativlik, rəqabətli mühit olmasın? SİMA rəqəmsal imzasının sahibkarlıq sektoruna, vergi sisteminə inteqrasiyasının başa çatmaması ilə bağlı da nə "Asan imza " sahibinin, nə Dövlət Vergi Xidmətinin, nə də RİNN-in açıqlamaları indiyədək yoxdur”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Asan İmza sisteminə ölkə vətədaşlarının və şirkətlərinin məlumatları daxil edilir. Bu sistem xarici şirkətə yox yerli bir şirkətə məxsus olmalıdır. İndiki situasiya anormaldır.
Gedin milyard yarımlıq Çindən öyrənin sistem işlətməyi.Yoxsa 5-10 milyonluq ölkədə hər şey çökə-çökə gedəcək.