Çexiya hökuməti 2030-cu ilə qədər müdafiə xərclərini tədricən ÜDM-in 3%-nə çatdırmaq niyyətindədir. Hökumət müdafiə xərclərinin 2026-cı ildən etibarən hər il ÜDM-in 0,2%-i qədər artmalı olacağını gözləyir.
“AzPolitika” xəbər verir ki, bu barədə çərşənbə günü Çexiyanın Baş naziri Petr Fiala məlumat verib. Hazırda Çexiyanın müdafiə xərcləri ÜDM-in təxminən 2%-ni təşkil edir.
Fialanın sözlərinə görə, müdafiə xərclərinin artırılması təhlükəsizlik üçün vacibdir, lakin bu, həm də bütövlükdə iqtisadiyyat üçün yeni imkanlar açacaq.
Xarici media qurumları Avropa liderlərinin gecikmədən müdafiə xərclərini artırmağı planlaşdırmağa başladığına diqqət çəkir. Bu, ABŞ Prezidenti Donald Trampın Avropa liderlərini dövlətlərinin təhlükəsizliyinə daha çox sərmayə qoymağa çağırışına cavab sayılır.
Bir neçə gün əvvəl jurnalistlərə açıqlama verən Tramp deyib ki, Amerika vergi ödəyiciləri avropalıların ödədiyindən artıq pul ödəməməlidirlər. Bundan əvvəl ABŞ prezidenti dəfələrlə Avropa müttəfiqlərini müdafiə xərclərini və NATO büdcəsinə töhfələri artırmağa çağırıb.
“AzPolitika.info”


Şərhlər