ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Yəmən əməliyyatının müzakirə edildiyi gizli “Siqnal” qrupuna təsadüfən bir jurnalisti əlavə etdiyini etiraf edib.
"AzPolitika" xəbər verir ki, bu barədə o, "Fox news"-a müsahibəsində bildirib.
"Qrupu mən yaratdım. Bu biabırçılıqdır. Biz bunun sonun qədər gedəcəyik", - deyə Uolts qeyd edib.
O, daha sonra "The Athlantic" nəşrinin baş redaktoru Cefri Qoldberqi sərt şəkildə tənqid edib.
"O, jurnalistikanın ən aşağı pillələrindədir. Onu şəxsən tanımıram və onun nömrəsinin qrupda necə yer aldığını bilmirəm", -deyə o, qeyd edib.
Prezident Donald Tramp Ağ Evdə verdiyi açıqlamada məsələ ilə bağlı məlumatının olmadığını bildirib və Uoltsu müdafiə edib. "O, işdən çıxarılmayacaq. Bu, sadəcə olaraq, səhvdir", - deyib.
Qeyd edək ki, Cefri Qoldberq daha əvvəl "Siqnal" sosil şəbəkəsi vasitəsilə təsadüfən Pentaqon rəsmilərinin olduğu mesajlaşma qrupuna əlavə olunduğunu açıqlamışdı. Qoldberqin iddiasına görə, qrupda vitse-prezident J.D. Vens, Dövlət katibi Marko Rubio, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard və Müdafiə naziri Pit Heqset kimi Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri olub. Həmin vaxt ABŞ rəsmilərinin Husilərə qarşı hərbi əməliyyatla bağlı müzakirələr apardıqları iddia olunur.
"AzPolitika.info"

Şərhlər