Menu

Neftin ucuzlaşması sosial ödənişlərə necə təsir göstərəcək? – Deputat real vəziyyəti açıqladı

09.04.2025, 12:44
Neftin ucuzlaşması sosial ödənişlərə necə təsir göstərəcək? – Deputat real vəziyyəti açıqladı

Qlobal ticarət müharibələrinin təsirləri birjalardan da yan keçməyib. Neft bazarında da çaxnaşma dərinləşib. Hazırda hər barreli 61 dollara təklif edilən Brent markalı neft son 3 ayda 31, son 1 həftədə isə 20 faiz dəyər itirib. Hazırda neftin qiyməti COVİD-19 pandemiyasından sonra ən aşağı səviyyədədir.

“Qara qızılın” qiyməti ilə bağlı proqnozlar da kifayət qədər bədbindir. ABŞ-nin qarşılıqlı tarif qərarı qlobal ticarətdə 330 milyard dollarlıq azalma gözləntisi ilə yanaşı, dünya iqtisadiyyatında yeni tənəzzül dövrünün başlaması riski yaradıb. “Goldman Sachs” təhlilçiləri neftin bir barrelinin qiymətinin 40 dollaradək azalacağını istisna etmirlər.

İqtisadçı deputat Vüqar Bayramov neftin qiymətinin azalmasının Azərbaycana təsirlərini şərh edib. Onun sözlərinə görə, ixracatımızın 80 faizinin xam neft təşkil etdiyini nəzərə alsaq, birjalardakı dəyişikliklər ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir: “O baxımdan mövcud qiymətlər Azərbaycan üçün də arzuolunan deyil. Sözsüz ki, neftin dünya bazar qiymətinə qısamüddətli deyil, eyni zamanda uzunmüddətli dövrdə baxılmasına ehtiyac var. Xüsusilə yarımillik və illik müddətdə orta qiymət çox önəmlidir”.

Aşağı neft qiymətlərinin sosial ödənişlərə təsirlərinə gəldikdə, iqtisadçı bildirib ki, sosial xərclərlə bağlı hər hansı azalma gözlənilmir: “Büdcə xərclərində sosial ödənişlərin payı 41 faizdir. Büdcənin qeyri-neft gəlirləri 51 faizdir. Fiskal neft gəlirlərimizin əhəmiyyətli hissəsini təşkil edən Dövlət Neft Fondunun büdcə transfertləri 2025-ci ildə 14 milyard 481 milyon manat nəzərdə tutulub. Neft fondunun aktivlərinin 60 milyard dollardan çox olduğunu nəzərə alsaq, büdcə transfertləri üçün hər hansı çətinliyin olmaması aydınlaşır. Bu da bütün sosial layihələrin vaxtında maliyəlləşdirməsinə imkan verir. Bu baxımdan, neftin aşağı qiymətləri 2025-ci ildə sosial öhdəliklər üçün hər hansı çətinlik yaratmır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol