“Mütəllim Rəhimli partiya daxilində regionçuluq siyasəti aparır”
“Məlumat üçün bildirirəm ki, Ədalət Partiyasının rəhbərliyi növbəti qurultayın may ayında keçirilməsini planlaşdırır. Bunun üçün prosedur qaydalarına düzgün əməl edərək Ali Məclisinin çağrılması, təşkilat komitəsinin yaradılması, rayonlarda konfransların keçirilməsi, texniki və təşkilati işlərin aparılması ilə bağlı müzakirələrimiz davam edir. Bütün məsələlər partiya rəhbərliyi səviyyəsində kollegial müzakirə olunur və konsensusla qərarlar qəbul edilir. Bu ənənə bundan sonra da davam edəcəkdir.”
“AzPolitika” xəbər verir ki, bu sözləri Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev bildirib.
Xatırladaq ki, partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra təşkilat daxilində qurultay keçirilməsi, yeni rəhbərliyin formalaşdırılması ilə bağlı fikir ayrılığı yaranıb.
M.Babayev təssüflə deyir ki, hazırda partiya yetkililərindən biri olan Mütəllim Rəhimli partiya daxilində müzakirə və həll olunalı olan məsələləri mətbuata yanlış məlumatlar verməklə "həll" etməyə çalışır: “Onun başqalarından fərqli olaraq, sədrlik ehtirası digər partiya üzvlərinin iradəsini nəzərə almağa imkan vermir. O, özbaşına Ali Məclisinin iclasını çağırır, nizamnaməyə zidd olaraq sədrin hüquq və vəzifələrinə aid edilmiş səlahiyyətləri mənimsəməyə cəhd edir. Uzun müddətdir açıq və davamlı olaraq partiya quruculuğuna qarşı çıxır, partiyadaxili subardinasiyaya əməl etmir və s. Bir sözlə, bütün məsələlərə partiya maraqları baxımından deyil, öz şəxsi maraqları baxımından yanaşır.”
Məclis sədri daha sonra Mütəllim Rəhimlini rəhmətlik İlyas İsmayılovun siyasi iradəsinə zidd şəkildə fəaliyyət göstərməkdə ittiham edib: “Bizim onunla fərqli mövqedə olmağımızın əsas səbəblərindən biri, rəhmətlik İlyas müəllimdən sonra partiya daxilində regionçuluq təbliğatı aparmasıdır. O, partiya daxilində Naxçıvanlı və Ermənistanlı fobiyası yaradaraq, sədrin hökmən Tovuzdan olmasının vacibliyi barədə təbliğat aparır. Daha aydın ifadə etsək, “Naxçıvanlıların partiyanı ələ keçirməsinə imkan vermək olmaz” kimi eybəcər və ziyanlı fikirlər yaymaqla partiya daxilində parçalanma və qütbləşmə siyasəti aparır. O, son müsahibələrində rəhmətlik İlyas müəllimin irsinin davam etdirilməsini tez-tez səsləndirməsinə baxmayaraq, İlyas İsmayılovun həm xarakterinə, həm siyasi iradəsinə, həm də siyasi əxlaqına uyğun olmayan tərzdə qanuna və nizamnaməyə zidd şəkildə fəaliyyət göstərir. Halbuki, mərhum İlyas İsmayılov regionçuluq və diskriminasiya düşüncəsindən uzaq bir şəxsiyyət idi”.
“AzPolitika.info”

Şərhlər
Bizim ölkədə partiyalar bir nəfərin nüfuzu, xarizması, Maddi imkanına görə yaradılır və həmin partiyalar sonradan buna müvafiq də mövqeyə malik olur. Odur ki, belə partiyaların ömrü də liderinin ömrü qədər olur və demək olar ki, partiya bir növ ölən lideri ilə məzara gedir. Odur ki, bunların didişməsi əbəsdir. Qurultay keçsə də, keçməsə də "Ədalət" partiyası artıq İlyas müəllimin yanındadır. Əslində heç İlyas müəllimin sağlığında da bu partiya bir zada dərman deyildi. O ki, qaldı ondan sonraya.... Boş-boş qırılladırlar. Fikir verməyin...
Adlarına heç bir dəftərdə rast gəlinməyən, nəinki siyasiu coşğusu, nəinki hakimiyyət iddiası, ümumiyyətlə heç bir siyasi marağı olmayan bu cür dərnəklər ələ-ayağa dolaşmamalı, bir-biri ilə vidalaşıb dağılışmalıdırlar. həqiqəti sevənlər təsdiq edər ki, heç mərhum İlyas İsmayılovun dövründə də bu "partiya" cınqırığını çıxartmırdı.Nə ət idi, nə balıq.
Sərdar Cəlaloğlu ,Fazil Qəzənfəroğlu ,Fərəc Quliyev ,Əli İnsanov Qüdrət Həsənquliyev və əfsanəvi Siyavuş Novruzov kimiləri və adlarını bilmədiyimiz ,lakin qeydiyyata JEK işçilərinin sayəsində düşən başqalarrını demirəm