Menu

“Oğluma zəng edərək onu və qardaşını öldürəcəyini dedi” - Qənirə Ataşova

19.04.2025, 20:21
“Oğluma zəng edərək onu və qardaşını öldürəcəyini dedi” - Qənirə Ataşova

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova özü və övladlarının həyatının təhlükədə olduğunu iddia edib. 

"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan Q.Ataşova sabiq nazir Eldar Mahmudovun adamı tərəfindən təhdid edildiyini bildirib.

O, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə müraciətində bildirib: “Keçmiş MTN rəhbəri Eldar Mahmudovun əlaltısı olmuş, müxtəlif qadınları və kişiləri şəxsi görüntülərlə şantaj etdiyi bilinən Vüsal Həsənov bu günlərdə mənim və övladlarımın həyatına ciddi təhlükə yaradıb. Yaxın keçmişdə ailəm haqqında sosial şəbəkələrdə yayılan təhqiramiz videoların müəllifi məhz Vüsal Həsənov olub.

Vüsal Həsənovun həyat yoldaşı – diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva Gəncədə Gülbəniz adlı gənc bir qızda cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı Gülbənizin ailəsi ilə VMR klinikası arasında razılaşma əldə edilsə də, mən bu məsələyə məhz həkimlik ixtisası olmayan bir şəxsin qanunsuz cərrahiyyə əməliyyatı aparması baxımından diqqət çəkmişdim. Bu məsələni ictimailəşdirdiyim üçün Gülbənizin atası Eldəniz, Vüsal Həsənovun təhriki ilə bir neçə dəfə məni təhdid edib”.

Onun sözlərinə görə, uzun fasilədən sonra ötən gün V.Həsənov birbaşa Q.Ataşovaya və övladı Fərhada zəng edərək onu və qardaşını öldürəcəyini bildirib: “Telefon danışığında özünü Moskvada yaşayan iş adamı kimi təqdim edərək qanuni oğrularla bağı olduğunu xatırladaraq “adam tutmuşam, hər ikinizi öldürəcəyəm” sözlərini açıq şəkildə işlədib. Bu açıq təhdidlər mənim və övladlarımın həyatı üçün ciddi təhlükədir. Övladım ABŞ vətəndaşıdır və o bu gün rəsmi şəkildə bu təhdidlərlə bağlı Amerika hökumətinə də müraciət edəcək. Mən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına müraciət edirəm: bu məsələ araşdırılmalı, Vüsal Həsənov və onunla əlbir olan şəxslərin cinayət məsuliyyəti qanun çərçivəsində təmin olunmalıdır. Əgər bizim hər hansı birimizin başına bir iş gələrsə sifarişin Bakıdan gəldiyini və Moskvadakı qanuni oğrular vasitəsi ilə işlədildiyini bilmiş olun".

“Qafqazinfo” xəbər verir ki, neftçilərin hüquqlarının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da paylaşıma reaksiya verərək əlavə edib ki, onun övladları da adıçəkilən şəxs tərəfindən təhdid ediliblər. Onun sözlərinə görə, əlində Vüsal Həsənovun övladlarına təhqir, hədə-qorxu gələn videosu da var.

Şərhlər

Mahir 2025-04-19 14:11:21

Fətullah Gülən durur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol