Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun bir neçə gün əvvəl Azərbaycandakı yüksək gömrük rüsumları ilə bağlı izahı birmənalı qarşılanmayıb. Komitə sədri deyib ki, “bəzən insanlar digər şəxsi xərcləri barədə düşünmür, amma gömrük ödənişlərinə yanaşmada tərəddüd edirlər”. Bununla da Bağırov bir növ rüsumlara haqq qazandırıb.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində Ş.Bağırovun fikirlərini tənqid edib: “Hörmətli Şahin müəllim, tam tərsi, insanlar digər xərclərini DÜŞÜNÜRLƏR deyə, Gömrük Komitəsi tərəfindən haqlı-haqsız ödənişlərə məruz qalmaq istəmirlər.
Digər xərcləri DÜŞÜNÜRLƏR - kommunal xidmət ödəməlidirlər, DÜŞÜNÜRLƏR ki, ərzaq bahalaşır, çatdıra bilmirlər, DÜŞÜNÜRLƏR ki, uşaqlar böyüyür, xərcləri artır. Gömrüyə geri dönüşünü hiss etmədikləri ödənişlər etmək istəmirlər.
Məsələn, ölkəyə avtomobil gətirənlər gömrükdə əlavə xərclərlə üzləşirlər, hansısa MMC təsis edilib, onlar terminal pulu, sənəd pulu, qələm-mürəkkəb pulu və s. yığır, və ya, vətəndaş özünə, evinə xaricdən nəsə alır, bu kommersiya məqsədi deyil. Amma Azərbaycan, məsələn, paltar, kompyuter, telefon və s. istehsal edən ölkədən vergi-rüsum şəklində daha çox qazanır, yəni, özümüz heç nə istehsal etmədən istehsalçılardan çox qazanmaq istəyirik.
Şahin müəllim daha sonra deyib: “Əslində, vətəndaşların idxal etdikləri mallara görə ödədikləri vəsait dolayı yolla özlərinə qayıdır”.
Şahin müəllim məntiqlə düz deyir, vergi-rüsum büdcəyə gedir, oradan da müxtəlif xərclərin, məsələn, maaş-təqaüdlərin ödənilməsinə sərf olunur. Amma büdcənin başqa xərcləri də var axı. Problem odur ki, təmir-tikinti xərcləri ilə bağlı vətəndaşlara məlumat verilmir, hətta rəsmi dövlət qurumu olan Hesablama Palatası hər il yüzmilyonlarla izafi xərclər müəyyən edir – amma heç bir tədbir görülmür, heç kəs cəzalandırılmır.
Hörmətli Şahin müəllim, Siz və hökumətin bir çox üzvləri iqtisadiyyata “sol”-dan baxırsınız, deyirsiniz ki, vətəndaş, sən vergi-rüsumu çox ödə (qanunlara görə, bəli, bizdə rüsum-vergi yüksəkdir), biz həmin pulu toplayıb sənə xərcləyəcəyik. Biz isə illərdir iqtisadiyyata “sağ”-dan baxmağı təklif edirik – vətəndaş vergi-rüsum az ödəyəndə zatən pul cibində qalır, dolayısı ilə qayıtmır, vergi-rüsum az ödədiyi zaman cibində qalan pulu iş adamıdırsa biznesə yatırıb əlavə iş yeri, deməli əlavə vergi-rüsum mənbəyi yaradır, adi vətəndaşdırsa, cibində qalan pulu yenə iqtisadiyyatda xərcləyir, nəsə alır, bununla da ticarət dövriyyəsini, dolayısıyla büdcəyə vergi-gömrük daxilolmalarını artırır.
Bizim hökumətlə fundamental, ideoloji fərqimiz budur...”
“AzPolitika.info”


Şərhlər