Azərbaycanla ticarət tərəfdaşı olan ölkələrdəki bahalaşma ölkə daxilində qiymət artımına bu il 2,57 faiz bəndi, gələn il isə 1,74 faiz bəndi artırıcı təsir göstərə bilər.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Daxili amillərə gəlincə isə inflyasiyaya dövlət və ev təsərrüfatlarının istehlakının bu il 1,5 faiz bəndi, gələn il isə 2 faiz bəndi artırıcı təsir göstərməsi gözlənilir" - deyə o qeyd edib.
Bundan başqa, baş bankir əlavə edib ki, bu il dövlət büdcəsinin xərcləri inflyasiyaya 0,43 faiz bəndi artırıcı təsiri ola bilər.
AMB-nin yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,3 % ətrafında olacağı gözlənilir.
Xatırladaq ki, bu ilin yanvar ayında qurum illik inflyasiyanın 2025-ci ildə 5,5 %, 2026-cı ildə isə 3,8 % ətrafında olacağını açıqlamışdı.


Şərhlər
Son dərəcə dərin-elmi atmaca,ya kəllə mülahizəsi-təhlili deyilmi: tərəfdaş ölkələrdəki bahalaşma? Onlardan hansı Azərbaycana keyfiyyətli mal-məhsul və neçə illik qiymət zəmanəti veriblər? Müstəqil ölkəmizin strateji-ehtiyatları və konservləşdirilmiş müəssisələri operativ hansı məhsul və istehsal vasitələrini işə sala bilər? Çevik istehsalatlar yarım əsr öncədən mövcuddurlar!?