Milli Məclisin Xarici Müdaxilələrə və Hibrid Təhdidlərə Qarşı Komissiyasının ekspertizasına əsasən, 20 fevral tarixində Azərbaycanın media resurslarına edilən kiberhücum Rusiya ilə əlaqəli qruplar tərəfindən təşkil olunub.
“AzPolitika” xəbər verir ki, Komissiyanın sədri Ramid Namazovun sözlərinə görə, bu əməliyyatlar mütəşəkkil dəstə tərəfindən həyata keçirilib.
Politoloq Elxan Şahinoğlu bildirib ki, başqa ölkələrə qarşı kiberhücumlar həyata keçirən belə qrupların Kremlin nəzarətindən kənar fəaliyyət göstərməsi mümkün deyil.
Onun fikrincə, Milli Məclisin ekspert rəyi Rusiyanın Azərbaycana münasibətinin açıq təzahürüdür: “Görüşlər, səfərlər, fikir mübadilələri zamanı deyilən xoş sözlər sadəcə aysberqin görünən tərəfidir. Bir dövlət yalnız düşmən və ya hədəf kimi gördüyü ölkəyə qarşı kiberhücum həyata keçirir. Milli Məclis kiberhücumların motivini də açıqlayıb: bu hücumlar Bakıda “Rus evi”nin və “Sputnik Azərbaycan” agentliyinin bağlanmasına cavab olaraq edilib”.
Politoloq əlavə edib ki, hazırda Rusiyadakı bəzi siyasi dairələr Bakıda “Rus evi”nin yenidən fəaliyyətə başlamasını istəyir və bu istiqamətdə açıqlamalar verirlər.
“Bu açıqlamalar ölkəmizə qarşı şantajın “mədəni” formasıdır. Bununla demək istəyirlər ki, əgər “Rus evi”nin fəaliyyəti bərpa olunmasa, Rusiya ərazisindən Azərbaycana qarşı növbəti kiberhücumlar ola bilər”, – E.Şahinoğlu vurğulayıb.
“AzPolitika.info”

Şərhlər
Təqribən 20 il öncə Azadlıq pr-ndə *Rus Evi* görmüşəm. Vaxtilə Kütləvi-etnik deport, DQMV sovetinin aşkar və separat-hərbi *Miatsum!* terroruna AXCPnin etirazlarına qarşı Kremlyanların 1987-94cü illərdə gizli təxribat, siyasi-hərbi təpki və təzyiqləri aşkardı!? H.Ə.Əliyevin MDB-yə üzvlüyündən sonra təpkilər yox, birgə müəssisələr artdı! Məncə, heç dövlətin, eləcə də qardaş RFnın Azərbaycana heç bir təmənnası yoxdur!