Menu

Komitə sədri və deputatlar “GL Group”da – FOTOLAR

07.05.2025, 10:56
Komitə sədri və deputatlar “GL Group”da – FOTOLAR

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun rəhbərliyi ilə deputatlardan ibarət nümayəndə heyəti “GL Group”-un fəaliyyəti ilə tanış olmaq məqsədilə onun afilə şirkəti olan olan “Salyan Oil Limited”-in Salyan rayonunda yerləşən “Kürsəngi” və “Qarabağlı” neft-qaz yataqlarına, həmçinin şirkətin sahə ofisinə səfər ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisi ölkənin davamlı inkişafı və strateji sektorlarının tənzimlənməsi məqsədilə mütəmadi olaraq yeni qanunlar qəbul edir, mövcud qanunvericiliyi təkmilləşdirir. Xüsusilə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi enerji təhlükəsizliyi, ekoloji balansın qorunması, bərpa olunan enerji mənbələrinin təşviqi və dayanıqlı inkişafın təmin olunması istiqamətində mühüm qanunvericilik təşəbbüsləri ilə çıxış edir. Komitə bu sahələr üzrə milli maraqları qoruyan normativ sənədlərin hazırlanmasında və qəbul olunmasında fəal iştirak edir, eyni zamanda strateji sahələrdə fəaliyyət göstərən özəl və dövlət qurumları ilə mütəmadi dialoq və nəzarət mexanizmləri quraraq, qanunvericiliyin tətbiqinə dair vəziyyəti yerində öyrənir.

Bu fəaliyyətin davamı olaraq, mayın 5-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun rəhbərliyi ilə millət vəkillərindən ibarət nümayəndə heyəti “GL Group”-un fəaliyyəti ilə tanış olmaq üçün qrupun afilə şirkəti “Salyan Oil LTD”-nin neft-qaz yataqlarına və sahə ofisinə səfər ediblər. Qonaqlar əvvəlcə ümmummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar dahi rəhbərin büstü önünə tər çiçəklər qoyaraq, onu dərin ehtiramla anıblar. Sonra Salyandakı neft yataqlarında qazma işlərindəki 14 illik fasiləyə son qoyan, 4000 metrlik vertikal quyunun qazıldığı sahəyə baş çəkiblər. Millət vəkilləri proqrama daxil olan 5000 metrlik dərin vertikal quyu və Azərbaycanda quruda ilk dəfə olaraq qazılacaq horizontal hissəsi ən azı 400 metr olacaq 4400 metrlik horizontal quyu barədə ətraflı məlumat alıblar.

Millət vəkilləri “Qarabağlı” yatağında yerləşən 6 saylı sahəyə baş çəkərək burada aparılan abadlıq işləri ilə tanış olublar. Onlar “Qırmızı Kitab”a düşən yulğunkimilər fəsiləsindən olan Tamariks ağacına göstərilən xüsusi qayğının şahidi olublar. Deputatlara 6 saylı sahədə yerləşən bütün neft mancanaqlarının elektrik təminatının yaxın gələcəkdə bərpa olunan enerji mənbələrindən təmin olunması ilə bağlı plan haqqında məlumat verilib. Qonaqlar həmçinin “GL Group”-un afilə şirkəti olan “GL Technical Services” şirkətinə məxsus geofiziki və qaldırıcı avadanlıqlara da baxış keçiriblər. Bildirilib ki, şirkət ölkənin “yaşıl gündəliyinə” uyğun olaraq bütün qaldırıcı qurğuları Avro-5 standartlarına uyğun şəkildə əldə edib və bunun nəticəsində illik karbon dioksid (CO₂) emissiyalarını 24% azaldıb.

Milli Məclis üzvləri daha sonra Salyan Oil Limited-in yeni inzibati binasında istifadəyə verilmiş Monitorinq Mərkəzinin real vaxt rejimində müşahidə olunan məlumatlara fasiləsiz çıxış imkanları ilə tanış olublar. Bundan sonra görüş dəyirmi masa arxasında davam etdirilib. Qonaqlara “GL Group”-un fəaliyyətinin müxtəlif istiqamətləri barəsində ətraflı məlumat verilib.

“GL Group”-un Texniki Funksiyalar və Beynəlxalq Əməliyyatlar üzrə Baş Vitse-Prezidenti Gilbert Büyler qrupun Azərbaycanda və Türkiyədə istehsalatda qazandığı nailiyyətlərdən, tətbiq olunan qabaqcıl texnologiyalardan ətraflı söhbət açıb.

“GL Group”-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov Milli Məclis üzvlərinin “GL Group”-a səfər təşəbbüsünün yüksək qiymətə layiq olduğunu qeyd edib. O vurğulayıb ki, bu kimi təşəbbüslər parlament ilə özəl sektor arasında qarşılıqlı əməkdaşlığa əlavə stimul verir.

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol