Menu

Rusiya Rumıniyada seçkilərə müdaxilə edib – Putin-Tramp tandeminin namizədi niyə uduzdu?

19.05.2025, 12:56
Rusiya Rumıniyada seçkilərə müdaxilə edib – Putin-Tramp tandeminin namizədi niyə uduzdu?

Buxarest meri Nikuşor Dan Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək ölkənin yeni prezidenti seçilib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, Dan radikal sağçı və Avropa İttifaqına skeptik münasibəti ilə tanınan Corce Simion üzərində qələbə qazanıb.

Avropa dəyərlərinə sadiqliyi ilə tanınan Dan ikinci turda səslərin təxminən 54 faizini, Simion isə 46 faizini toplayıb.

Simion ilkin nəticələr açıqlanmadan özünü qalib elan etsə də, sonradan məğlubiyyətini etiraf edib. Bu hadisə Rumıniyada seçki sonrası siyasi mədəniyyət və ictimai rəylə manipulyasiya cəhdləri ilə bağlı müzakirələrə səbəb olub.

Qeyd edək ki, ilk tur 4 mayda keçirilmişdi və həmin mərhələdə Simion 40,5%, Dan isə 21% səs toplamışdı. Lakin ikinci turda seçicilərin əhəmiyyətli hissəsinin səfərbərliyi, radikal sağçı siyasətə qarşı mövqeyin gücləndiyini göstərdi.

Rumıniya hakimiyyəti seçki prosesinə Rusiya tərəfindən müdaxilə cəhdlərinin olduğunu bəyan edib. Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Tserni bildirib ki, seçkilərin ikinci turu zamanı sosial şəbəkələrdə, xüsusilə “Telegram” platformasında dezinformasiya və yalan xəbərlərin yayılması ilə bağlı koordinasiyalı kampaniya aparılıb.

Xatırladaq ki, Rumıniyada ilk prezident seçkiləri 2024-cü ilin noyabrında keçirilmişdi və həmin turda sağçı-populist namizəd Kelin Corcesku qalib gəlmişdi. Lakin 6 dekabr 2024-cü ildə Konstitusiya Məhkəməsi seçki nəticələrini ləğv etmiş, səbəb kimi isə Rusiyanın prosesə müdaxiləsi ilə bağlı sübutları göstərmişdi.

Məhkəmə qərarından sonra Corcesku barəsində istintaq başladılıb və ona qarşı konstitusiya quruluşuna qarşı çağırışlar, seçki kampaniyasında dezinformasiya yaymaq, faşist və irqçi yönümlü təşkilat yaratmaq kimi ittihamlarla altı maddə üzrə cinayət işi açılıb. Corcesku və Rusiya tərəfi bu ittihamları rədd edir.

ABŞ vitse-prezidenti Cey Di Vens bu ilin fevralında Münhendə keçirilən təhlükəsizlik konfransında çıxış edərək, Rumıniya hakimiyyətini seçki nəticələrini ləğv etdiyinə görə tənqid etmiş və bunun demokratik dəyərlərə zidd olduğunu bildirmişdi. O, açıq şəkildə Corceskunu dəstəkləməsə də, Konstitusiya Məhkəməsinin qərarını şübhə altına almışdı.

Buna qarşılıq olaraq, Avropa İttifaqı Rumıniya məhkəməsinin qərarını anlayışla qarşılayıb və Rusiyanın regionda artan təsirindən narahatlıq ifadə edib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol