Üç çağırış deputat olmuş, konsul işləmiş, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yüksək vəzifə tutmuş, hazırda da millət vəkili olan Səyyad Aran, sözsüz ki, deputatların, vəzifəlilərin arasında “fağırlar”dan, abırlılardan biridir. Buna baxmayaraq, bu günlərdə verdiyi müsahibədə 5 min manat maaş aldığını (əslində 7 min manatdan çoxdur) və bu pulla maşın ala bilmədiyini deyib, gileylənib. Deyib ki, maşın ala bilmir, ona görə piyada, avtobusla gəzir.
Təbii ki, Azərbaycan məmurundan, deputatından səmimilik, həqiqi, doğru-dürüst cavab gözləmək əksər hallarda mənasızdır və S.Aran da bu baxımdan istisna təşkil etmir. Lakin bu cür adamlar heç olmasa belə fikirlər səsləndirəndə bunun “qara camaat”a necə təsir edəcəyini belə özlərinə əziyyət verib düşünmək istəmirlər.
Onda kirayələrdə yaşayan, 100 manat “uşaqpulu” belə rəva görülməyən gənc ailələr, dava-dərmana pul tapmayıb xəstəsini müalicə etdirə bilməyən imkansızlar neyləsin? Minimum əməkhaqqı və pensiyanın 200 dollara yaxın olduğu bir ölkədə 7 min manat maaşa “ağız büzmək” nə deməkdir? Nəyə, kimə hesablanıb busözlər? Guya bu pulla maşın almaq olmur? Soruşan lazımdır ki, Azərbaycanda maşını olanların neçə faizinin aylıq maaşı 7 min manata çatır?

Ümumiyyətlə, sabiq və indiki vəzifəlilərin, məmurların, deputatların böyük əksəriyyətinin gözü, nəfsi nə zaman doyacaq, görəsən? Vəzifədə olanda çapıb-taladıqları bəs deyil, vəzifədən ayrılandan sonra da dövlətin, millətin yaxasından düşmək bilmirlər.
Bu günlərdə 67 yaşlı Vladimir Ruvinov adlı hakimin daha çox pensiya almaq üçün məhkəməyə müraciət etdiyi və məhkəməni udduğu məlum olub. 15 il hakim işləyən, Sumqayıtda, Xaçmazda hakim, son illərdə isə Qubadlı Rayon Məhkəməsinin sədri olmuş V.Ruvinova iki il əvvəl aylıq 4615(!) manat əmək pensiyası kəsilib.

Lakin Ruvinov bu məbləğlə razılaşmır. Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib və hakim həmkarlarının çıxardığı qərarla pensiyasını 6 500(!) manata qaldırıb. Azərbaycan reallıqlarında 15 il hakim olmağın nə demək olduğunu, hansı imtiyazlar, maddi imkanlar, sərvət və s. yaratdığını xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur. Ancaq göründüyü kimi, adam bunlarla və 5 minə yaxın pensiya ilə qane olmur, üstəlik, dövlətdən, büdcədən “son nəfəsinə və son qəpiyinə qədər” nəsə qoparmasa, əl çəkmir. 40 ilin müəlliminin qəpik-quruş pensiya aldığını görən, amma 5 min pensiyaya, 7 min maaşa narazılıq edən belələrində hansısa mənəvi dəyər, ziyalılıq anlayışı, məsuliyyəti və s. axtarmaq olarmı?
Azərbaycanda dövlətin, millətin, büdcənin yaxasını buraxmayanların sırası olduqca genişdir. Son zamanlar vaxtilə “MTN işi”, “Rabitə işi”, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, ayrı-ayrı rayonların icra hakimiyyətlərilə bağlı və digər hay-küylü korrupsiya işləri əsasında həbs olunan, sonra 2-3 il “yatıb-çıxan” sabiq məmurların böyük əksəriyyətinin dövlətə qarşı qaldırdıqları mal-mülk iddialarının sayı-hesabı yoxdur.
Bu adamların demək olar hamısı həmin çapıb-taladıqları dövlət ilə əmlak, mal-mülk davasına qalxır. Müsadirə olunan əmlaklarını geri istəyirlər. Baxmayaraq ki, məhkəmələrin müsadirə etdiyi əmlaklar onların real əmlakının, var-dövlətinin cüzi hissəsidir. Ancaq onu da dövlətə vermək istəmirlər.
"Rabitə işi" çərçivəsində həbs edilən Vidadi Zeynalov, Beytulla Hüseynov, Məhəmməd Məmmədov dövlətdən məhkəmə tərəfindən müsadirə edilmiş əmlaklarını geri tələb edirlər. Sanki bu var-dövləti halal zəhmətlə qazanmışdılar.
“MTN işi” ilə bağlı həbs edilən sabiq paqonlu cinayətkarlar - polkovniklərdən tutmuş generallar Mövlam Şıxəliyevə və Akif Çovdarova qədər demək olar hamısı müsadirə edilən əmlaklarını geri istəyir. Təkcə Çovdarovun bu cür əmlakı 30 milyon dollardan çox qiymətləndirilir.

Həmçinin, Ramiz Mehdiyevin qızı Kəmalə Əliyeva da atasının yerinə dövlətlə əmlak davasına çıxıb. O, "Baku Steel Company" MMC Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun işi üzrə məhkəmədə Bakı Oksford Məktəbində payı olduğu üçün onun müsadirəsinə görə Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb və mülkiyyət davası edir.

İmişlinin həbsdə olan sabbiq icra başçısı Vilyam Hacıyevin ailə üzvləri ümumilikdə 6 milyon manata yaxın dəyəri olan əmlaklarının geri qaytarılması tələbilə məhkəməyə müraciət ediblər.
Bu siyahını uzatdıqca uzatmaq olar. Bu adamlar dişi qana batmış canavar qana susayan kimi vəzifədə o qədər pula, talançılığa susayıblar ki, son nəfəslərinə qədər ürəkləri soyumur, cırmaqlaya-cırmaqlaya da olsa dövlətdən, büdcədən nəsə qoparmağa çalışırlar. Hansı da vəzifədən atılır, çalışır öz yerinə övladını, yaxınını yerləşdirsin, onu deputat, məmur etsin, eləcə də onları başqa məmurların övladları ilə evləndirsin və sair. Beləliklə də Hindistan tarixindəki kimi kasta formalaşır – “gözü doymayanlar kastası”…
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Hörmətli Cəlal bəy təhlillərinizə görə sağ olun.Mənə də razıyam ki pensiyaların minimum və maksimum həddi olmalıdır.Bəziləri kimi mənim də ən yüksək əmək haqqım və ona uyğun sosial ödəmələrim 90 cı ildən təxminə 10 il ərzində 2002 ci ilə qədər cöx yüksək omuşdu .Bu barədə əmək kitabçam da müvafiq qeydlər də var .Lakin bu ödəmələr təqaüd təyin ediləndə nəzərə alınmadı.İndi isə bizim təqaüdümüz minimum olmaqla hec həyatındda rəsmi qeydiyyatla işləməyənlərin aldığına yaxındılr..Mənim Vətən sevgim, təhsilim,qabiliyyətim imkan verirdi ki, Dövlət qulluğunda çalışım və yüksək təqaüd ala bilim.Amma indi təsərrüfat hesablı təşkilatda işləməkdə davam edirəm.Hec bir hüqüqa əsaslanmadan deyirlər ki,65 yaşın varsa getməlisən.El üçün ağlayan köz kor qalar deyiblər.Bu dövlətin qurulmasının ən çətin və ağrılı günlərində cavanlığını itirmək ağır gəlir. Belə bir həyat yaşamaq dəhşətdir və ədalətsizlikdir.Hörmətli Rəşid m düz deyirmiş.
Allah belani verecek !!! qeci tezi var
Pensiyaların minimum məbləği olduğu kimi maksimum məgləği də olmalıdır və bu nisbət iki dəfədən çox olmamalıdır. Yəni minimum məbləğ, bu günkü günün reallığını nəzərə alaraq 600-700 manat, maksimum məbləğ isə 1200-1400 manatdan çox olmamalıdır. Belə olarsa hardasa sosial ədlətlilik olar. İndiki halda minimum 300 manat, maksimal pensiyalar isə 3-5 min və hətda bundan da çox olur ki, bu da əsil sosial ədalətsizlikdir. Minimum pensiya alanın pensiyası dava-dərmana, kommunal xərclərinə çatmadığı halda, maksimum alan isə "xan kefində" yaşayır və bunun da axırı heç də yaxşı qutarmaya bilər....
Səyyad 95-ci ildə Zərdaba deputat seçilməyə gələndə cındırından cin hürkürdü. Az müddətdə Zərdablıların mal qaralarlnı, taxılların fırıldaqla əllərindən alıb İrana keçirib satdı və guya yolda Araz çayında batdı deyə heç kimə heç nə vermədi. Onda o pulla 4-5 maşın ala bilərdi və almışdı da. O zaman hələ tək tük adamda olan Mersedes almışdı. Gözünün içinə qədər yalan deyir.......
Hörmətli Cəlal müəllim, sizin nələr çəkdiyinizi təsəvvür edirik. İnanın ki, siz çəkəni biz də çəkirik. Sizin sadəcə yazdıqlarınızı yox ee, qovrula-qovrula qalıb yaza bilmədiklərinizi da təbi-təbiətinizdən oxuyuruq. Ardını yazmayım.
acgöz adam ömrü boyu acgöz qalar , gözü doymaz . bu gün pensiya və maaş sistemində çoxlu yarıtmazlıq var.
və ya YIRTICILAR kastası
Bunlar bilirler xalqin mali bunlarin talan etmesi ucundur. Sayad Aran Beylaqanda camish fermesini satibmish. Siyavush Novruzov deyirmish camishlar haradadir. Bele gorunur bunlarin en fagiri ele S.Novruzovdur....