“Yenidən seçilmək və ya namizəd olmaq kimi bir dərdim yoxdur. Yeni Konstitusiyanı özümüz üçün yox, ölkəmiz üçün istəyirik. Atacağımız addımlarla Türkiyənin nüfuzunu necə artıracağımızı düşünürük”.

“AzPolitika” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsindən qayıdarkən, təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Ərdoğan qeyd edib ki, hazırkı Konstitusiya hərbi çevriliş dövrünün məhsuludur və Türkiyə bu məhdudiyyətlərlə yola davam edə bilməz.

Yeni Konstitusiya üçün hazırlıqların davam etdiyini bildirən Prezident deyib:“İlk dörd maddə ilə bağlı heç bir problem yoxdur. Bizim də, digər siyasi partiyaların da bu maddələrlə bağlı narahatlığı yoxdur. Bu səbəbdən artıq sadəcə yol xəritəsi müəyyən edilməlidir. Baş nazirliyim dövründə bu istiqamətdə addımlar atmışdıq, indi də tezliklə heyətləri formalaşdıraraq irəliləyə bilərik”.

“AzPolitika.info”