Macarıstanın Avropa İttifaqındakı əsas səalhiyyətlərinə tezliklə son qoyula bilər.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Şurasının növbəti sammitinin gündəliyinə uyğun olaraq, mayın 27-də Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsi müzakirə ediləcək.
"Nazirlər Macarıstanla bağlı Avropa Parlamentinin əsaslandırılmış təklifi ilə başlanmış 7-ci maddə üzrə prosedura dair dinləmə keçirəcəklər", - məlumatda deyilir.
Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi, Avropa İttifaqının əsasını təşkil edən dəyərləri ciddi şəkildə pozmaq riski olduqda, üzv dövlətin müəyyən hüquqlarının, xüsusən də səsvermə hüququnun dayandırılmasına icazə verir.
Avropa Parlamenti müvafiq prosedura bir neçə il əvvəl başlayıb, lakin indiyədək hər şey yalnız Macarıstanda Orban hökumətinin hərəkətləri nəticəsində yaranmış vəziyyətlə bağlı dinləmələrlə məhdudlaşıb. Bu dəfə isə daha sərt qərar qəbul olunacağı və Macarısatanın səsvermə hüququndan məhrum ediləcəyi gözlənilir.
Xatırladaq ki, mayın 2-də Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxmasını dəstəkləyib.
Həmçinin, Avropa Parlamentinin bir qrup deputatı Brüsseli azadlıqların daha da məhdudlaşdırılması, demokratiyaya zərbə vurması və Avropa İttifaqının qanun və dəyərlərinə əməl etməməsi səbəbindən Macarıstan üçün bütün maliyyəni dondurmağa çağırıb.
“AzPolitika.info”


Şərhlər