"PİLOT-16" MMC-nin ekskavatorunu "molotov kokteyli" ilə yandıran şəxs məhkəmə zalında həbs edilib. Texnika sahibinə 210 min manat ziyan dəyib.
"AzPolitika" "musavat.com"-a istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 55 ünvanında yerləşən və Məhbubə Əli qızı Quliyevanın adına olan mənzilin söküntüsü ilə bağlı aylardır məhkəmə çəkişmələri davam edir.
Mənzil sahibi aralarında razılaşma olmadan şirkətin onlara məxsus evi qanunsuz olaraq sökdüyünü iddia edir. Buna görə, tərəflər arasında məhkəmə çəkişməsi var.
Bu məhkəmə çəkişmələri davam edən ərəfədə daha bir insident baş verib. Məhbubə Quliyevanın qardaşı Əsəd şirkətə məxsus ekskavatoru yandırıb.
Bununla da şirkətə 210 min manat maddi ziyan dəyib.
Əsəd ifadəsində bildirib ki, gecə saatlarında şirkətin 10 nəfər işçisi onların evini sökmək istəyən zaman səs-küyə yuxudan oyanıb. Həyətə çıxan zaman işçilər onu görərək, "vurun onu" deyib. Bundan sonra həyətə keçərək, manqalda olan benzini götürüb üzərinə salfet bağlayaraq onlara tərəf atıb. Əsədin sözlərinə görə məqsədi ekskavatoru yandırmaq yox, onları qorxutmaq olub.
Zərərçəkmiş tərəfin iddiasına görə dəymiş zərər 210 min manatdır.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Əsəd məhkəmə zalında həbs edilib.

Şərhlər
Şirkətlərin bir çoxu qanunsuzluqlara yol verirlər.Vətəndaşlara məxsus olduqları evlərə heç nədən çəkinməyərək hücum edib sökürlər.Vətəndaşlar hüquqlarını necə qorumalıdırlar,necə illərlə yaşadıqları evlərini,mülklərini basqınçılardan necə qorumalıdır?Aidiyyatı olan orqanlar belə hadisələrə mütləq nəzarət etməli,vətəndaşların asayişlərini,öz vətənlərində sərbəst yaşamaq hüqüqlarını təmin etməlidirlər.Vətəndaşı gör nə hala gətiriblər ki,bu cür bir addımı atıb.Təəssüf....