ABŞ Prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi düşünür.
“AzPolitika” xəbər verir ki, bunu “The Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadla yazıb.
Nəşr qeyd edir ki, buna səbəb Trampın Rusiyanın Ukraynaya qarşı hücumlarını davam etdirməsindən və sülh danışıqlarının ləng gedişindən məyus olmasıdır.
Qəzetin yazdığına görə, məhdudiyyətlər çətin ki, yeni bank sanksiyalarını əhatə etsin. Lakin Putinə güzəştə getməsi üçün təzyiq etməkdən ötrü digər variantlar müzakirə olunur.
Bununla belə, nəşrin yazdığı kimi, Tramp yeni sanksiyalar tətbiq etməmək, əksinə, danışıqlardan çəkilmək qərarına da gələ bilər.
"Tramp sülh danışıqlarından yorulub və onun düşüncəsinə bələd olan insanların fikrincə, son cəhd də nəticə verməsə, danışıqlardan imtina etməyi düşünür".
Bununla belə, ABŞ-nin sülh prosesindən geri çəkiləcəyi təqdirdə nə baş verəcəyi və Trampın Ukraynaya hərbi dəstək verməyə davam edib-etməyəcəyi bəlli deyil.
Bu arada Ağ Evin mətbuat katibi Karolin Levitt nəşrə deyib ki, "Prezident Tramp danışıqlar yolu ilə sülh sazişi görmək istədiyini açıq şəkildə bildirib, lakin o, bütün variantları masada saxlayır".
WSJ-nin qeyd etdiyi kimi, Tramp həftələrlə Putinin atəşkəslə razılaşmamasına görə ona edilən təzyiqlərə müqavimət göstərib. Ukraynanın bir çox müttəfiqləri, o cümlədən senator Lindsi Qrem Trampa Putinin real danışıqlar aparmaq istəmədiyini və yalnız “cəza alətlərinin” onu ciddi danışıqlara vadar edəcəyini bildirib.
Qəzet Ağ Ev rəsmilərinə istinadla yazır ki, Trampın düşüncəsinə və mövqeyinə üç əsas amil təsir edib.

Birincisi, onun Ukrayna Prezidenti Volodimir Zelenskiyə mənfi münasibətidir. Tramp hesab edir ki, Zelenski sanksiyalara təkan verməklə münaqişənin daha da qızışmasına səbəb olur. Baxmayaraq ki, Zelenski Putindən fərqli olaraq, qeyd-şərtsiz atəşkəslə artıq çoxdan razılaşıb. Lakin bazar günü Putini tənqid edən Tramp sosial şəbəkədəki paylaşımında yenə Zelenskini də hədəf alıb.
İkincisi, Tramp hesab edirdi ki, Rusiyaya qarşı əlavə sanksiyalar onun müharibə aparmaq imkanlarını məhdudlaşdırmayacaq, əksinə, ABŞ və Rusiya arasında iqtisadi əlaqələrin canlandırılması səylərinə mane olacaq. İndi isə görür ki, Kreml heç nəyə məhəl qoymur.
Nəhayət, üçüncüsü, Tramp Putini tanıması, onunla şəxsi münasibətləri və danışıqları fonunda müharibəni bitirəcəyinə inanırdı. Lakin Putinin geri çəkilmək istəməməsindən və xüsusilə Trampla keçən həftə atəşkəs sazişini imzalamaqdan imtina etdiyi telefon danışığından sonra Trampın Putinə baxışı mənfi mənada dəyişib.
Nəşr yazır ki, “Tramp nəhayət Putinin mövqeyini anladı”.
Qeyd edək ki, iki gün öncə Tramp Putini kəskin şəkildə tənqid və dinc ukraynalıları öldürməkdə ittiham edib: "O, tamamilə ağlını itirib! O, lazımsız yerə çoxlu insan öldürür və mən təkcə əsgərləri demirəm…”
Bu arada Rusiyaya qarşı sərt sanksiyaları nəzərdə tutan yeni qanun layihəsi ABŞ Senatında həm Respublikaçılar, həm də Demokratlar tərəfindən böyük dəstək alıb. Bəzi Senat üzvləri hətta Donald Trampın “yaşıl işığını” gözləmədən onu səsverməyə çıxaracaqlarına işarə ediblər.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər
Bilmirəm, bu qeyd etdiklərim nə zamansa özünü doğruldacaqmı? Bildiyim odur ki, amerikanlar bu gerizəkalı, pula həris, sözünün əvvəli, axırı bilinməyən birini (Trampı nəzərdə tuturam) özlərinə hansı ağılla dövlət başçısı seçiblər? Bunun adını səhv olaraq valideynləri Tramp qoyublar, onun əsl adı Trombdur. Bəli, ilahi qüvvə onu dünyanın bədəninə tromb göndərib. Gəlin sadəlöhv olmayaq, biz eşitdiyimizə, gördüyümüzə inanırıq. Nə kölgə donanmasının qarşısını almaq mümkündür (Rusiyanın tankerlərlə neftinin başqa ölkələrə daşınıb satılmasının qarşısının alınması), nə də sanksiyalar o qədər də effektiv görünmür. Diqqət yetirirsiniz ki, Tramp hətta Avropa İttifaqından imtina edir, NATO-nu özünə rəqib hesab edir, özünü dünyanın yeganə qüvvəsi hesab edir. Putinə gəlincə, o öz çıxışlarında Putinlə yaxın münasibətlərini hər zaman dilə gətirir. Bunu gələcəkdə bütün dünya görür. Əvvəl, prezident seçkiləri ərəfəsində müharibəni 30 gün ərzində bitirməyə söz vermişdir, 100 günündə də elə-belə qırıldadırdı, hazırda isə onun heç vecinə də deyil. Ukrayna nə qədər də kiçik olsa belə, müstəqil ölkənin dövlət başçısını belə qəbul edib dünyanın gözü qarşısında biyabır, təhqir etməzdi. Ən azından diplomatik etiket qaydaları var, hələ qonaqpərvərliyi demirəm. Trampla Putin bir bezin qırağıdırlar, onlar yeni dünya düzənini müəyyən edirlər və gələcəkdə dünyanı bu iki dövlət arasında bölünməsi planını hazırlayırlar. Bu onların gələcək perspektivə hesablanmış layihəsidir. Gözləməkdən savayı başqa variantımız da yoxdur.