Sabir Rüstəmxanlı: “Əgər insan millətin səsi, onun ruhunun ifadəçisi ola bilmirsə, onun yaradıcılığının heç bir dəyəri yoxdur”
“Dünya, cəmiyyət yalnız cərrahlıq qanunları ilə idarə oluna bilməz”
Tanınmış ziyalı, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlı ilə 80-ci yaşının ilk həftəsində söhbətləşdik. O, öz həyatından, yaradıcılığından, ictimai-siyasi fəaliyyətindən, cəmiyyətdəki problemlərdən, onlardan çıxış yollarından danışdı, ən müxtəlif mövzulara dair suallarımızı cavablandırdı.
Müsahibənin ilk hissəsini təqdim edirik:
– Sabir bəy, müsahibə üçün təşəkkür edirik. Həmçinin, gec də olsa, mayın 20-də qeyd etdiyiniz doğum gününüz münasibətilə Sizi təbrik edirik. Ümumiyyətlə, doğum günləri yaşından asılı olmayaraq, insanı keçmişə qaytarır, həyat yoluna nəzər salmağa vadar edir. Bu dəfə gözünüzün qabağında hansı mənzərə canlandı?
– Adətən, doğum günlərimi Bakıdan kənarda keçirməyə üstünlük verirəm. Xüsusi olaraq daha gözəl bir təbiət mənzərəsi axtarmıram. Sadəcə, dostlarımı narahat etmək istəmirəm, bəhanə edirəm ki, şəhərdən kənardayam. Amma hər beş ildən bir yaradıcılıq gecələri keçirirəm. 70 yaşımı qeyd edən zaman digər respublikalardan da dostlarımı dəvət etmişdim. Türkiyədən, Moskvadan, Udmurtiyadan, Çuvaşıstandan, Tatarstandan, Qırğızıstandan gələnlər var idi. - Yəni, Türk ellərindən... - Bəli. Türkiyə, təbii ki, ilk sırada idi. Amma yetmiş doqquz yaşla bağlı xüsusi tədbirlər olmadı. İş elə gətirdi ki, keçən il mənim iradəmdən asılı olmadan ad günüm Daşkənddə keçirildi. Amma orada da özbək yazıçı dostlarımız yığışaraq gözəl bir məclis təşkil etdilər. Türkiyədən, Qırğızıstandan, Qazaxıstandan qonaqlar var idi. Bu, mənim üçün sürpriz oldu, doğrusu, gözləmirdim. Bu dəfə isə Türkiyədə qeyd olundu. Bu da mənim təşəbbüsüm deyildi. Çünki həm Daşkəndə, həm də Ankaraya getməyimin əsas səbəbi Qərbi Azərbaycanla bağlı keçirilən forumlar idi. Məqsədimiz Qərbi Azərbaycan məsələsinin Mərkəzi Asiyada və Türkiyədə ictimaiyyətə çatdırılmasıdır. Qardaş ölkələr olsalar da Qərbi Azərbaycan mövzusunu oralarda kifayət qədər geniş şəkildə təqdim edə bilməmişik. Hüquqi baxımdan torpaqlarımızın ermənilərə nə vaxt, hansı sənədlər əsasında verilməsi məsələsi önəmlidir. Bilirik ki, İrəvan şəhəri Azərbaycanın müstəqilliyini elan etməsindən bir gün sonra Ermənistana verilib. Ermənistan tərəfi isə bu gün də müəyyən iddialar irəli sürür. Biz də bu əsassız iddialara qarşı mübarizə aparmalıyıq. Vaxtilə indiki Ermənistan ərazisində paytaxt ola biləcək yalnız bir balaca şəhər vardı. Gümrü şəhərinin adını çəkə bilərm, o da Osmanlı imperatorluğunun tabeçiliyində idi. Qalırdı yalnız İrəvan. O da əslində kiçik bir yer idi. Azərbaycan bəlli mülahizələrlə İrəvanı ermənilərə vermişdi. Bu barədə rəsmi sənədlər mövcuddur. Əslində bu sənədlər əsasında, bütün tarixi və hüquqi materiallara istinadla danışmaq lazımdır.. Bu məsələləri BMT-yə və digər beynəlxalq hüquq qurumlarına təqdim etməliyik. Orada rəsmi sənəd kimi qeydiyyata alınmalıdır.
- Qərbi Azərbaycanla bağlı Azərbaycanda da çoxsaylı tədbirlər keçirilir...
- Biz burada Qərbi Azərbaycanla bağlı yüz dəfə yığıncaq keçirsək də, yalnız özümüz deyib, özümüz eşidirik. Məncə, hər şey hüquqi əsasla və daha geniş beynəlxalq miqyasda, köklü və əsaslı şəkildə həyata keçirilməlidir. Amma həm keçən il keçirilən Madrid və Daşkənd toplantıları, həm də Ankara toplantısı bu istiqamətdə çox mühüm addımlardır. Daşkənddə, özbək ictimaiyyətinin bu məsələ ilə tanışlığı baş zəruri idi. Əvvəllər özbəklər ermənilərin orada soyqırım törətdiyinə inanmırdılar. Halbuki Birinci Dünya Müharibəsindən sonra bölgəyə qayıdan rus hərbi geyimi geymiş ermənilər Azərbaycanın müxtəlif bölgələrində qanlı qırğınlar törətmişdilər. Həmin ermənilər sonra Özbəkistanda da özbək xalqına qarşı soyqırım törətdilər. Bu hadisələr zamanı yüz otuz mindən artıq özbəyin qətlə yetirildiyi məlumdur. Bizim Daşkənddəki toplantımız bu baxımdan çox əhəmiyyətli oldu. Ankarada isə daha yüksək səviyyədə toplantı keçirildi. Bu dəfə yalnız Türkiyənin tarixçilərini və hüquqşünaslarını dinlədik. Bizdən yalnız Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli və Azərbaycan-Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlı çıxış etdilər. Həmçinin, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyev nitq söylədi və Azərbayzan Prezidentinin toplantıya ünvanladığı məktubu səsləndirdi. Toplantıda AKP-nin sədr müavini Əkrəm Ala da çıxış etdi. Tarixçilər və hüquqçu alimlər gözlədiyimizdən də əsaslı şəkildə, ciddi elmi materiallara söykənərək danışdılar. Həm tarixi baxımdan, həm də hüquqi əsaslarla o torpaqlardan azərbaycanlıların necə və nə vaxt köçürüldüyünü açıqladılar. Bütün bunlar həmin toplantılarda ətraflı şəkildə müzakirə olundu.
Təsadüfən həm Daşkənddəki, həm Ankaradakı –tədbir doğum günümlə üst-üstə düşdü. Mən düşünürəm ki, əgər insan millətin səsi, onun ruhunun ifadəçisi ola bilmirsə, onun yaradıcılığının heç bir dəyəri yoxdur. Ad günlərimdə millətimizin doğma səsini eşitmək ürəyə fərəh gətirir. Kənarda olsam da Azərbaycanda gözəl yazılar yazıldı.
- Dövlət rəhbərliyi tərəfindən də təbriklər oldumu?
- Hər ad gününə belə təbrik yazılmır. Yubileylər başqa…Yüksək vəzifəli məmurlardan kim tanıyırsa, kim dostdursa yazıb təbrik edib. O qədər təbriklər və yazılar gəlib ki, başım Ankaradakı tədbirlərə qarışdığı üçün iki günlük görüşlərin arasında hamısını oxuya bilmədim. İndi oxuyuram, cavab yazıram. Ümumi təşəkkür də paylaşdım.
- Qarşıdan 80 illik yubileyiniz gəlir. Hansı gözləntiləriniz var? Məsələn “İstiqlal” ordeni...
- Xüsusi bir gözləntim yoxdur. “İstiqlal” ordeni və ya başqa mükafat da gözləmirəm. Allahdan gözləntim var – sağlam ömür verə ki, o günə çata bilim. Yenə o vaxt da öz ənənəmi davam etdirərək bir yaradıcılıq gecəsi keçirəcəyəm. Dostlarım da yəqin iştirak edəcək. 70 illiyimdə Moskvadan “Xudojestvennaya Literatura” nəşriyyatının direktoru gəlmişdi. Mənim “Ölüm zirvəsi” kitabımı rus dilində çap etmişdi. Tədbirdə çıxış etdi və dedi ki, “bu kitab ruslara qarşı yox, Çar Rusiyasına qarşı yazılıb, ona görə də biz böyük həvəslə çap etdik". Sonra onun da yubileyi oldu. Məni Moskvaya dəvət etdi. Orada böyük bir çevrəsi vardı – Qorbaçovun köməkçisi olmuşdu. Mənə söz verəndə dedi: “Mən sizə elə bir şairi və ictimai xadimi təqdim edirəm ki, onun yubileyinə insanlar futbola gedən kimi gedirlər. Teatrın içində nə qədər adam var idisə, bir o qədər də çöldə qalmışdı”. Bu da bir tale işidir. Bu illər ərzində nə qədər çətinlik, nə qədər siyasi rəqabət, nə qədər paxıllıq olsa da, o sevgi, o hörmət hələ də yaşayır. Bununla qürur duyuram. Çünki illərdir prinsipimdən dönməmişəm, yolumdan sapmamışam. Hər zaman bir amalım olub – millətimizin ləyaqət duyğusunu oyatmaq, xalqımıza öz kimliyini, tarixini tanıtmaq, onu özünə sevdirə bilmək. Axı Azərbaycan dediyin təkcə kiçik bir ərazi deyil. Bir şeirim var:
Bu Vətən deyilən dünyam sirlidir Bir paytaxtı sevinc, bir paytaxtı qəm. Bu Vətən torpağı çox qəribədir Hələ sərhədini tapa bilmirəm.
Azərbaycanın sərhədlərini dəqiq müəyyənləşdirmək olmur. Hardan tapacaqsan sərhədlərini, Əmrahın sazından keçirsə, Dərbənddə Pərvanə adlanan qızın çağlayan gözündən keçirsə əgər, Qitələr dolaşan didərginlərin yolundan, izindən keçirsə əgər, O şəkər dillərin belini qıran Şəhriyar sözündən keçirsə əgər, Şumerdən adlayan on min il yaşlı ölümsüz bir dilin söz qatlarında Nənə kəlməsindən keçirsə əgər? Biz sərhədsiz bir ruhun sahibiyik. Payımız da göydən belə gəlib.
“Azərbaycan” adlanan ərazinin hamısı bizim əlimizdə deyil – iki yerə yox, beş yerə bölünüb. Mən bu ağrını illərlə yazılarımda yaşamışam. Heç vaxt bunu pafosla, şüar kimi deməmişəm. Sadəcə, içimin ağrısını danışmışam. Kiminsə ürəyinə yatıbsa, o da bir təsəllidir. Yatmayıbsa, o da onun seçimidir. İtirdiklərimizin dərki və müstəqilliyə doğru atılan hər bir addım bizim üçün bir ümid idi. Müstəqillik hər bir xalqın ən böyük arzusu, ən ali məqsədidir. Mən də bu amal uğrunda təkcə sözlə deyil, əməli fəaliyyətimlə çalışmışam. Bu gün Azərbaycan müstəqildir. Bəli, problemlərimiz var, çətinliklər var. Amma biz bir zamanlar itirdiyimiz torpaqlarımızın bəzisini geri qaytardıq, yeni bir mərhələyə qədəm qoyduq. Hazırda “Vətəndaş Həmrəyliyi” adlanan bir partiyaya rəhbərlik edirəm. Çünki həmrəylik mənim milli ideallarımdan biridir.
– Cəmiyyətdə həqiqətən həmrəylik varmı?
-Biz buna doğru can atmalıyıq. Əvvəlki illərlə müqayisədə irəliləyiş var. Xüsusilə 2020-ci ildən əvvəl bəzi siyasi partiyalar bir araya gəldi, bu, ciddi və ümidverici bir addım idi. Lakin hər şeyin əsası insandır. Ən gözəl proqramlar, ən ali ideallar, yazılar, arzular – hamısı insana bağlıdır. İnsan cəmiyyətə toxunan kimi, cəmiyyətin içində əriyib dəyişə bilir.
– Hansı problemlər cəmiyyətdə daha qabarıqdır?
- Məncə insanların fərdi inkişafı, sosial düşüncə tərzi hələ istənilən səviyyədə deyil.
– Bu yaxınlarda tanınmış bir şəxs demişdi ki, bayrağımızdakı rənglərin əxz etdiyi dəyərlər - müasirlik, türklük, islam – bunlardan biri aparıcı olmadığına görə, həmrəylik, birlik zəifdir...
- Bayraq bir rəmzdir, birləşdirici gücdür. Mavi rəng türklüyümüzü simvolizə edir. Biz türklər yüksək sivilizasiyalardan keçmiş millətlərdən biriyik. Böyük humanist ədəbiyyatı, çağdaş sənəti, elmi ənənələri olan xalqıq. Uİslam məsələsi isə tarix boyu Azərbaycanın və ümumiyyətlə türklərin taleyində müxtəlif cür rol oynayıb. Bəzən ziddiyyətli, bəzən də müsbət şəkildə. İndi isə minlərlə dini təfsir təqdim olunur, amma cəmiyyətə təsiri azdır. Cəmiyyət bir çox dəyərlərini itirir.
– Bir yaradıcı insan kimi ölkəmizdə hər gün rastlaşdığımız, əziyyət çəkdiyimiz problemlər sizə necə təsir edir?
- Əlbəttə, çox ağır bir dövrdən keçirik. İnsan düşünür ki, bəlkə bu dəfə zirvəyə çatdım, artıq yol açıqdır, rahatlıq gələcək. Amma dünya belə deyil. Dünya daimi mübarizə yeridir. İnsanlıq daimi olaraq kamillik axtarışındadır.
- Sanki Sizif əməyi çəkirik, zirvəyə çatmamış yenidən dərənin dibinə yuvarlanırıq...
- Mən bir dəfə belə demişdim: “İnsanlığın tarixi, bəlkə də, ən yaxşı şəkildə "Sizif əfsanəsi"ndə ifadə olunub”. Qaldırırsan, qaldırırsan, zirvəyə çatanda daş yenə aşağı düşür və sən hər şeyə yenidən başlayırsan. Millət məsələsində də belədir. Dövlətçiliyi qorumaq və xalqın inkişafı yolunda dayanmaq olmaz. Bu, bitməyən bir mübarizədir. Bu, əbədi bir işdir. Bir binanı tikirsən, başlayırsan və qurtarır. Amma millət binasını, xalq binasını heç vaxt tikib başa çatdırmaq olmur.
- Binanın təməli, sütunları möhkəm olmalıdır...
- Bəli, çalışmaq lazımdır ki, bu binanın sütunları keyfiyyətli olsun, divarlar qızıl kərpiclərdən tikilsin. Antuan de Sent Eksüperinin bir sözü var, deyir ki, "insanlar çölə səpələnmiş daşlar kimidir. O daşlar üst-üstə qoyulanda bir məbəd yaranır. Amma əgər hər kəs istəsə ki, “mən birinci sırada olum”, “mən qabaqda olum”, heç vaxt məbəd tikilməz". Kiminin birinci sırada yeri var, kiminin ikinci, kiminin üçüncü. Bunu artıq cəmiyyətin ədaləti müəyyən etməlidir.
– Amma o sıra pozulub indi... – İndi durum mürəkkəbdir. Bu gün, məsələn, Prezident İlham Əliyev haqqında ürəklə danışa bilirəm. Doğrudan!.. Bu protokol qaydası deyil, səmimi qəlbdən gəlir. Amma təəssüf ki başqa səviyyələr haqqında ürəklə danışmaq olmur. Mən bir dəfə bir məclisdə demişdim: süni zəka yalan bilmir, rüşvət tanımır. Süni zəka, yəni süni intellekt korrupsiyanı və insana məxsus bir çox biclikləri, xəyanətləri bilmir. Amma onu da insan idarə edir. Sonra da bir alim deyir ki, biz proqramlaşdırırıqsa, hamısını öyrədəcəyik bir yolla...
– Sabir bəy, 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərisiniz. Yəqin ki, Azərbaycanda ən uzunömürlü partiya sədri də sizsiniz. İndiki mühitdə partiya sədri özünü necə hiss edir, necə idarə edirsiniz partiyanı?
– Partiya özü özünü idarə edir. Cavanlar var, əsas işi onlar görürlər. Mən də ağsaqqallıq edir, yönləndirirəm. İdarəçilik təcrübəm olduğuna görə çox da çətinlik çəkmirəm. Mənim kimi cavanlıqdan ictimai proseslərin içində olmuş adamın çəkilib bir evdə oturmağı da çətin məsələdir. Millət vəkilliyindən imtina elədim, özüm, könüllü şəkildə. Ondan əvvəlki dəfə də imtina etmişdim. Amma partiya dedi ki, sən olmasan bizim parlamentdə nümayəndəmiz azalacaq Ona görə məcbur olmuşdum.
Əslində, partiya işi mənim üçün ciddi bir maneə deyil. İşimiz düzgün qurulub. Gündəlik prosesi dostlarımızla müzakirə edirik. Daim evdə otursan, saz kimi tez kökdən düşərsən. Ona görə gəlirəm bura, bura köklənirəm. Həmkarlarımla müzakirələr aparırıq, kitabxanaya baxıram, dünya ilə maraqlanıram, yazılar yazıram və bu, mənə rahatlıq verir.
İkinci tərəfi isə odur ki, əlbəttə, hər şeyin bir sonu var. Elə bir zaman gələr ki, bir nəfər çıxar və deyər ki, mən sədr olmaq istəyirəm. Görsəm ki, o bizim başladığımız işi axıra kimi davam etdirəcək, onda təbii ki, sədrlikdən çəkilərəm, kənarda bir ağsaqqal kimi qalmağa hazıram.
– Tənzilə xanım sizdən sonra sədr ola bilərmi?
– Tənzilə xanım çox ciddi təşkilatçıdır, dəqiqdir, məsuliyyətlidir. Amma radikaldır. Mən dözümlüyəm. Adamların səhvini bəzən uduram, vaxtı çatmamış onu üzə vurmuram, gözləyirəm, bəlkə düzələcək. Amma o, səbrsizdir, kəsir atır. Bu dünya, cəmiyyət yalnız cərrahlıq qanunları ilə idarə oluna bilməz. Cəmiyyət elə olmalıdır ki, dərmana da ehtiyac olmasın, təbii qanunlarla inkişaf etsin. Ona görə mən xalq təbabətinə, təbii proseslərə üstünlük verirəm. O isə cərrahlığa üstünlük verəcək...
(Ardı var)
Elçin Rüstəmli
Elvin Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər
İşi-gücü, yaşayışı, güzəranı yüksək səviyyədə olan hər hansı bir şəxs, müxalifət ola bilməz. Bu istər-istəməz belədir, Sabir də istisna deyil. Gəncə hadisələrini, komissiya üzvü kimi tribunadan oxumuşdu və ona indi sual veriləndə, özünü sadəlövhcəsinə mənə komissiyanın rəyini verdilər, mətn dəyişdirilmişdi, fakt qarşısında qaldım və s. deyərək günahını boynundan atmağ istəyir. Qısa bir müddət nazir oldu, ancağ elə bir yeyintili, pullu-varlı nazirlik deyildi, Mətbuat və İnformasiya Nazirliyi...Amma, məncə demək olar ki, həmişə deputat oldu, bu da elə-belə deyildi. Belə ki, bir az radikal mövqedə dayansaydı, deputat ola bilməzdi. Hazırda uşağlar hamısı yerbəyer, işləri-gücləri, yüksək dolanışığları, arvad deputat, nə isə xan kefində yaşayış...
Tənzilə necə deputat oldu? Rstəmxanlının buna cavabı nədir?
Sapmısan özüdə super sapmısan
Əqidəsini dəyişmək elə yolundan sapmaq deyilmi?
Sən xalqla sona qədər dostluq edə bilmədin, Sabir Rüstəmxanlı.... Belə yaşamağa nə vardı ki. Hamı edə bilərdi.