Məlum olduğu kimi, Almaniyanın yeni kansleri Fridrix Merts öz sələfi Olaf Şoltsdan daha qətiyyətli xarici siyasəti ilə seçilir. Bu, xüsusilə də Ukraynaya hərbi və siyasi yardım məsələsində özünü büruzə verir.
Bununla bərabər, Merts hökuməti qurulandan bəri rəsmi Berlin Kiyevə verilə biləcək silah növləri haqqında məlumatlar verilməsini məhdudlaşdırıb. Buna baxmayaraq, hakim CDU/CSU bloku daxilində “Taurus” raketlərinin Ukraynaya tədarükü ilə bağlı çağırışlar getdikcə artır.
“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski RTL kanalına müsahibəsində Almaniya ilə “Taurus” qanadlı raketlərinin Ukraynaya təhvil verilməsinə dair danışıqlar aparıldığına eyham vurub. Lakin o, dialoqun gizli xarakter daşıdığını qeyd edib.
"Biz bu istiqamətdə işləyirik", - deyə Zelenski “Taurus”-ların verilməsilə bağlı sualı cavablandırıb.
O əlavə edib ki, Almaniya kansleri Fridrix Mertslə bəzi mövzuları açıq müzakirə etməmək barədə razılığa gəliblər: "Müəyyən mövzular var ki, kansler Mertslə açıq şəkildə müzakirə etməmək barədə razılığa gəldik. Mən ona bu barədə söz vermişəm və sözümə əməl edirəm".
Almaniya kansleri daha əvvəl Ukraynaya uzaqmənzilli raketlərin verilməsini istisna etmədiyini deyib və bunun “imkan daxilində olacağını” vurğulayıb.
“AzPolitika.info”


Şərhlər