2019-2020-ci illərdə Azərbaycan hakimiyyətində çox ciddi kadr dəyişiklikləri aparıldı. Prezident Administrasiyasının çoxillik rəhbəri Ramiz Mehdiyev 2019-cu ilin 23 oktyabrında, Xarici İşlər naziri Elmar Məmmədyarov isə növbəti ilin iyulun 16-da vəzifəsindən azad edildi.
Daha bir mühüm hadisə DTX-nın Xarici İşlər Nazirliyində korrupsiya, mənimsəmə cinayətləri ilə bağlı açdığı cinayət işi çərçivəsində keçmiş Baş prokuror, Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Bakıya çağırılaraq həbs edilməsi idi.
Bu hadisədən cəmi bir neçə ay sonra - 27 sentyabrda Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi zəfərlə başa çatan 44 günlük müharibə başladı. Həmin ərəfədə mühüm postlarda kadr dəyişikliyi və xarici siyasət idarəsində aparılan istintaq əməliyyat tədbirləri ilə taleyüklü müharibə qərarı arasında əlaqə axtarmaq məntiqlidir. Ehtimal etmək olar ki, ölkə rəhbərliyi Azərbaycanın daxilində təhlükə yaradan “beşinci kolon”-un ölkənin siyasi qərarlarına, apardığı hərbi əməliyyatlara təsirlərini zəiflətmək üçün hökumətdə “təmizləmə” aparmağa qərar verib. Bu ehtimalı müharibənin birinci həftəsində Rusiyanın Azərbaycandakı əsas “adamlarından” biri hesab olunan Nəcməddin Sadıkovun Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi daha da gücləndirir.

Qeyd olunan olayların ikisi birbaşa eks xarici işlər naziri Elmar Məmmədyarovla birbaşa əlaqəlidir. XİN-də kök salmış korrupsiya yuvasının dağıdılması, çoxillik idarə rəhbərlərinin, çox iddialı səfirin həbsə göndərilməsi və nazirin vəzifədən qovulması...
Məmmədyarov həmin dövrə qədər artıq çoxdan Prezidentin müəyyənləşdirdiyi xarici siyasətdəki rolunu oynamaqda axsayırdı və danlaq, qınaq hədəfinə çevrilmişdi. Həmin ərəfədə onun övladları - Emin və Riad Məmmədyarovların Nyu-York şəhərində 4.2 milyon dollara iki dəbdəbəli mənzil alması faktı ortaya çıxdı.

Nazir isə nəinki məlumatı “malalamağa”, yaxud susmağa çalışdı, əksinə, özünəməxsus ötkəmliklə bunu təsdiqlədi: “Bu mənim şəxsi işimdir də. Siz bank deyilsiniz məndən tələb edəsiniz ki, haradan pul almışam, qazanmışam, necə almışam və s. Ona görə ən asan diplomatik cavab verirəm ki, bu, şəxsi məsələdir. Amma inandırım sizi, Amerika sistemində belədir ki, orda nədənsə şübhələnsəydilər, bir sent, bir qəpik, bir manat belə götürməzdilər.
- Azərbaycanda şübhə doğuran o idi ki, nazir olaraq o qədər vəsaiti necə əldə etmişdiniz?
- Mən nazir olmazdan əvvəl 1983-cü ildən XİN-də işləmişəm, 12 il ABŞ-də işləmişəm. Nazir olmazdan öncə başqa qazancım yox idi?..
- O zaman niyə nazir olmazdan öncə almadınız o mənzili, Elmar müəllim?
- Yüz yol var ev almaq üçün, kredit, ipoteka ilə almaq olardı, nə qədər imkan var. Amma yenə deyirəm: şübhə olsaydı, Amerikada məni parçalayardılar. Bank cavabdehdir çünki o pul haradan, necə gəlir. Şübhə olmayanda imkan yaradırlar”.

Məmmədyarovun özünün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla şəxsi dostluq münasibətlərinə, hətta biznes şərikliyinə malik olduğu bildirilir. Mətbuatın yazdığına görə, Lavrovun Rusiyada nəhəng biznes şəbəkəsi var. O, konsulluqlara xidmət edən şirkətlərə sahibdir. Həmin şirkətlərin illik dövriyyəsi 600 milyon dollardan yuxarıdır.
Təsadüfü deyil ki, bu yaxınlarda Bakıda “Rus evi”nin fəaliyyəti dayadırılarkən Moskvanın “5-ci kolon”-una aid tanınmışlar arasında Məmmədyarovun adı çəkilirdi.

İddialara görə, E.Məmmədyarov nazir olduğu dövrdə əsas yatırımlarını Rusiya XİN rəhbərinin şirkətlərinə yönəldib və oradan böyük gəlir götürüb. Lavrovun qızı və kürəkəninin idarə etdiyi şirkətlərdə də keçmiş nazirimizin payı olduğu deyilir.
Məmmədyarov isə mətbuata bildirib ki, ona bağlılığı olan hər hansı şirkəti aşkar etsələr, həmin şirkəti tapan adama bağışlayacaq: “Yazırlarsa, deməli əllərində fakt var. Lap yaxşı, qoy o faktın axırına qədər getsinlər, tapsınlar və qazansınlar. Söz verirəm ki, adıma çıxan şirkəti tapan adama Ramazan hədiyyəsi edəcəyəm”.
Təbii ki, belə şirkətlər iri məmurların öz adına olmur və bu səbəbdən özünü sanki hamıdan ağıllı bilən nazir məhz bu səbəbdən arxayın danışır...
O etiraf edib ki, nazir vəzifəsindən uzaqlaşandan sonra Lavrovla mütəmadi yox, bəzən əlaqələr qurub: "Yazışırdıq. Amma təbii ki, intensiv şəkildə yox. Nazirdir, məşğul adamdır. Mən də "pensioner" adamam. Qızı ilə tanışam, kürəkəni ilə yox".

2020-ci ilin 12 iyunu Azərbaycanın Qərb sərhədləri Tovuz istiqamətində düşmənin hücumuna məruz qalmışdı, general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və silahdaşları həlak olmuşdu, ölkədə gərgin siyasi ab-hava hökm sürürdü. Məmmədyarov isə heç nə olmamış kimi “karantin rejiminə əməl edib evdən işləyirdi”. Ölkə başçısı onu efirdə danladı, 4 gün sonra isə vəzifəsindən azad etdi.
Sonralar E.Məmmədyarov mətbuata deyəcəkdi: “Mənim səhvim idi, gərək oturub maşına işə gedərdim. Mənim səhvim idi ki, camaat hamısı işdə idi. Mənə deyən olmadı ki, gərək işdə olasan”.
Elmar Məmmədyarovun istefaya göndərilməsindən dərhal sonra Xarici İşlər Nazirliyində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatlar ictimaiyyətdə şok effekti yaratmışdı. İyulun 3-də keçirilən əməliyyat zamanı nazirliyin İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, bu idarənin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin şöbə rəisi Nurupaşa Abdullayev, iyulun 7-də və 8-də isə onların ifadəsi əsasında nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyev həbs edilmişdi. Onlar dövlət vəsaitlərinin mənimsənilməsi, saxta ezamiyyətlər və sənəd saxtalaşdırmalarda ittiham olunmuşdu.

Bu əməliyyatlar zamanı aşağıdakı hallar ifşa olundu:
-Xarici ölkələrdəki səfirliklərə ayrılan vəsaitlərin “şişirdilmiş hesabatlarla” mənimsənilməsi;
-Ezamiyyətlər üçün ayrılan pulların əslində yerli əməkdaşlar arasında bölüşdürülməsi;
-Şəxsi xərclərin dövlət büdcəsi hesabına ödənilməsi;
-Diplomatik rütbələrin qeyri-qanuni paylanması.
Bu faktlar Elmar Məmmədyarovun rəhbərlik etdiyi 16 illik dövrdə XİN-in daxilində nəzarətsizlik və korrupsiyanın kök saldığını sübut etdi. Maraqlıdır ki, bütün bu illər ərzində o, öz çıxışlarında şəffaflıqdan və beynəlxalq etikadan danışsa da, daxildə idarəetmə baxımından ciddi boşluqlara yol verdi.
Gənclik illərindən SSRİ Xarici işlər Nazirliyində karyerasına başlamış, mühüm diplomatik vəzifələrdə, nəhayət 16 ilə yaxın nazir olmuş Məmmədyarovun korrpusiyaya qurşanması və bərbad idarəçiliyi heyrət doğururdu.

Haşiyə: Elmar Məhərrəm oğlu Məmmədyarov 2 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 1977–1982-ci illərdə Kiyev Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində təhsil alıb.
Peşəkar diplomatik karyerasına 1982-ci ildə Azərbaycan SSR Xarici İşlər Nazirliyində başlayıb. Azərbaycan SSR Xarici İşlər Nazirliyi, 2-ci katib, 1-ci katib vəzifələrində çalışıb.
1988–1991-ci illərdə Sovet İttifaqı Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında çalışan Elmar Məmmədyarov, 1989–1990-cı illərdə ABŞ-də Braun Universitetində xarici siyasətin planlaşdırılması sahəsi üzrə çalışıb.
SSRİ dağıldıqdan sonra, 1991-ci ildən etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirib. O, 1991-ci ildən 1992-ci ilə qədər Azərbaycanın Xarici İşlər Nazirliyində Dövlət protokolu şöbəsinin müdiri olub.
1992–1995-ci illərdə Azərbaycanın BMT yanında olan daimi nümayəndəliyində I katib vəzifəsində çalışan Elmar Məmmədyarov, 1995–1998-ci illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində Beynəlxalq qurumlar idarəsinin rəisi olub..
Elmar Məmmədyarov 1998-ci ildən 2003-cü ilə qədər Azərbaycanın ABŞ səfirliyində müşavir vəzifəsində çalışıb.
Elmar Məmmədyarov Azərbaycan prezidenti Heydər Əliyevin 2 iyun 2003-cü il tarixli 895 nömrəli sərəncamı ilə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Elə həmin gün imzalanan digər sərəncamla ona, fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.
Azərbaycan prezidenti İlham Əliyevin 2 aprel 2004-cü il tarixli sərəncamı ilə Elmar Məmmədyarov Azərbaycanın xarici işlər naziri vəzifəsinə təyin edilib. O, bu postda 1999-cu ildən bu vəzifəni yerinə yetirən Vilayət Quliyevi əvəzləyib. Elə həmin gün imzalanan digər sərəncamla Elmar Məmmədyarov, Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən azad edilib.
Bununla da Elmar Məmmədyarov Azərbaycan diplomatiyasının ən uzun müddət vəzifədə olan nazirlərindən birinə çevrildi — ta ki, 2020-ci ilin iyuluna qədər...

Nazirlikdə 16 il: aktivlik yoxsa passivlik dövrü?
Elmar Məmmədyarovun nazirlik dönəmi Azərbaycan diplomatiyasının həm aktiv, həm də tənqid edilən passiv fazalarına şahidlik etdi. O, 2004–2020-ci illərdə yəni 16 il ərzində ölkənin beynəlxalq siyasətində ön sırada olsa da, bu illər ərzində Xarici İşlər Nazirliyinin fəaliyyəti çox zaman “üzən gəmiyə” bənzədilib: öz axarında hərəkət edən, lakin strateji təşəbbüslərlə fərqlənməyən.
2010-cu ilin ortalarından başlayaraq, Azərbaycanın xarici siyasətinə qarşı artan tənqidlər fonunda Elmar Məmmədyarovun fəaliyyəti ciddi suallar doğurmağa başladı. O, beynəlxalq təşkilatlarda, xüsusən ATƏT-in Minsk Qrupu formatında Qarabağ məsələsi üzrə danışıqlarda təmkinli, amma bəzən də passiv görünürdü. Xüsusilə 2016-cı il Aprel döyüşlərindən sonra Azərbaycanın hərbi-siyasi mövqeləri güclənsə də, diplomatik ritorika eyni tonallıqda qalmaqda davam etdi.
2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Prezident İlham Əliyevin onu vəzifəsindən azad etməsi Azərbaycan xarici siyasətində yeni dövrün - daha çevik, strateji və siyasi motivasiyalı diplomatiyanın başlanğıcı idi.
Elmar Məmmədyarov vəzifədən uzaqlaşdırıldıqdan sonra uzun müddət nəinki ictimaiyyət qarşısına çıxmadı, hətta ona yaxın diplomatik çevrələr belə onun haqqında susmağa üstünlük verdilər. O, mətbuata nə bir müsahibə verdi, nə də fəaliyyəti ilə bağlı açıqlama yaydı. Yalnız son zamanlar ara-sıra efirlərdə görünməyə başladı...
Beləliklə, Elmar Məmmədyarovun fəaliyyəti dövrü Azərbaycan diplomatiyasının formalaşması istiqamətində müəyyən işlər görülsə də, onun özünün XİN rəhbəri kimi hansısa uğurlu addımını yada salmaq çətindir. Bu üzdəndir ki, Elmar Məmmədyarov işdən çıxarılması ictimaiyyət arasında xarici siyasətdə kəkələmə dövrünün başa çatması kimi qiymətləndirildi...
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Məmmədyarovun sevimli köməkçilərindən biri Gürsel İsmayılzadəni yaddan çıxarmısınız. Bu cənab çox unikal rüşvətxor və insafsız cənabdır. Məmmədyarov ona külli-ixtiyar vermişdi. Təsəvvür edirsinizmi, Gürsel müəllim həm Məmmədyarovun köməkçisi idi, həm də kadrlar idarəsinin rəisi... Bu cənab hər şeyi pul ilə satırdı, rüşvəti müxtəilif kanallardan açıqca alırdı. Həbs ediləcyini biləndə Yaponiyaya yük təyyarəsinin baqajında qaçdı. Özünə yapon dilli deyib-bütün yaponşünasları işdən uzaq saxladı, indi isə Bakıya dönür. Görəsən, bu cənabın həbsinə mane olan nədir? Ceyhun Bayramovun da belə bir iyrənc məmmyadyarov sifətli məxluqatla işləyəciyinə inanırıq. Əks təqdirdə, onu Yaponiyadan geri çağırtdıra bilərdilər. Bəs Hikmət Hacıyev hara baxır?
bu korrupsioner məmurlar niyə çöldə gəzir ?
maraqlı bir halı təsvir etmək yerinə düşərdi. Elmar Məmmədyarova birbaşa qulluq etmiş, onun cinayətlərində iştirak etmiş şəxslər bu gün də xarici işlər nazirliyində yüksək mənsəb sahibidirlər, məsələn, götürək Mammedyarovun katiliyinin son rəislərini... bu şəxslərbütün yazışmalara şəxsən nəzarət edir, lazım gəlkdikdə, vacib proseslərdə iştirak edirlər. Beləliklə. 1. Elcan Həbibzadə: C.Bayramovun indiki katibliyinin rəisi Elcan müəllim elə Mammedyarovun dövründə də, Cehun Bayramovun dövründə də katibliyin rəisdir, 2. AR-in İtaliyadakı səfiri Rəşad Aslanov. Bu cənab da Mammedyarovun nazirin katibliyin rəisi olub, sonra Argentinada, indi isə İtaliyda səfirdir,
3. Məmmdə Əhmadzadə, bu cənab diplomatik karyerasını birbaşa ağası Mamedyarova borcludur, çün ki, onu XİN-ə gətirib çlxaran və qısa zamanda nazirin katibliyinin rəisi edən də elə Mammedyarovdur. Elə Mammedyarov da onu 34 yaşinda (!) səfir qayırıb-göndərib Argentinaya... sonrada İtaliyaya səfir gətirib. Bu cənab daha sonra Avropa idarəsinə rəis gətirildi, islahatlar adı altında onsuz da xaraba qalmış idarəni tam dağıtdıqdan sonra Ceyhun müəllimin xeyir-duası ilə Niderlanda səfir göndərildi. Özünüz deyin, Ceyhun müəllimlə Elmar müəllim arasındakı körpünün uzunluğu nə qədərdir.....
Mammedyarovdan sonra xarici işlər nazirliyi güllü-lalazərə çevirildi, qayda-qanun hökm sürməyə başladı, haqq-ədalət öz yerini tapdı, hətta tualetlərdə kağız tapıldı, pamperslə gəzən nazir müavinləri tapıldı, tapıldı,,,, tapıldı... nəzinki azpolitika-nin, heç elza seyidcahanın yaradıcılığı belə ceyhun müəllim bəy-əfəndinin yaradıcılığını vəsf etməyə bəhs etməz...
bu məqalənin sifarişli olduğu açıqca hiss olunur. Mammedyarov getməsi ilə XİN-də heç nə dəyişmədi, əksinə, hər şey daha da bırbadlaşdı. Bilirik, azpolitika saytı Ceyhun Bayramovun qohumlarına xidmət edir, ancaq bilin, Ceyhun Bayramovun dəstəsi də Mammaedyarovun dəstəsi qədər harın, yarıtmaz və ..... Xİn-in yalnız fasadları parıldayır... korrupsiya və xəyanət burada gündəlik normadır, bircə nazir müavinlərinə və səfirlərə baxsanız, bəhs edər... mühasibətdə işlər daha da bərbad olub... Ceyhun Bayramovun dəstəsinin vurduğu ziyanı aradan qaldırmağa on illər lazım olacaq. Elə Məmmdyarovu xilas edən də Ceyhun Bayramovun dəstəsi olub!
Milli qarışıqlar Azərbaycanda toxunulmazdırlar.! Bunu hələ anlamamısınız?
Kadr dəyişildi.nə oldu?köhnə hamam.köhnə tas....
bu qədər səhv işlər görən adam niyə cəzalandırılmayıb ?
yəqin ki öz qohumlarının əleyhinə danışmaq istəməyib
Elmar Məmmədyarovun nazir olduğu dövrdə, adını indi unutduğum bir dostu, deyəsən hansısa bir dövlətdə səfirin Lamiyə Canəhmədova adında həyat yoldaşı, XİN-nin baş mühasibi idi. Həmin qadın, milyonlar əldə etmişdi və o vaxt yazılmışdı ki, onun da məsələsinə baxılanda, yəni nazirliyə ayrılan pullardan "qapazlama" prosesinə görə 1.5 milyon ətrafında pulu dərhal ödəmişdi və qeyd edilirdi ki, həmin qadın nazirlikdə "at oynadırdı"...Yəni demək istəyirəm ki, Nazir təmiz işləsə, nazirliyin əməkdaşları da təmiz işləyərlər, görünür nazir 5 götürəndə baş mühasib də heç olmasa 1 götürüb... Ona görə də baş mühasibi 1.5 milyon götürübsə, deməli nazir 5-10 milyon götürüb... Yəni bu aksiomadı...