Türkiyənin cənub-qərb sahilində 5,8 maqnitudalı zəlzələ olub.

“AzPolitika” xəbər verir ki, bu barədə AFAD -Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Muğla şəhərinin Marmaris rayonundan 10,43 km məsafədə – Aralıq dənizində qeydə alınıb. 

Zəlzələ yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) baş verib. Zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.

“TRT Haber” zəlzələnin Muğla şəhəri ilə yanaşı İzmir və Antalyada da hiss edildiyini bildirib.

Türkiyənin Muğla şəhərinin valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə vali sosial şəbəkədə yazıb.

“Zəlzələdə panik atak səbəbindən 14 yaşında bir övladımız həyatını itirib”, – o qeyd edib.

Akbıyıkın sözlərinə görə, təşviş və hündürlükdən atılma nəticəsində 69 nəfər yaralanıb, onlardan 46-sı xəstəxanaya aparılıb.

Vali şəhərdə heç bir dağıntı olmadığını vurğulayıb.