İyunun 3-də səhər saatlarında Krım körpüsünə daha bir zərbə endirilib. Bu hadisə Rusiyanın işğal olunmuş ərazilər üzərində tam nəzarətə malik olduğu ilə bağlı iddialarına ciddi şübhələr yaradıb. 

“AzPolitika” xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hücumun onların xüsusi əməliyyatı olduğunu təsdiqləyərək, Krım körpüsünü “tamamilə qanuni hərbi hədəf” adlandırıb.

SBU-nun məlumatına görə, partlayış yerli vaxtla saat 04:44-də (Bakı vaxtı ilə 05:44) baş verib. Hücum sualtı formada həyata keçirilib və partlayıcının gücü 1100 kiloqram trotil ekvivalentində olub. Nəticədə körpünün sualtı dayaqları zədələnib və hazırda körpü qəza vəziyyətindədir.

Əməliyyatın bir neçə ay ərzində planlaşdırıldığı, mülki şəxslər arasında itki olmadığı bildirilib. SBU rəhbəri Vasiliy Malyuk qeyd edib:
“Krım körpüsü tamamilə qanuni hədəfdir. Rusiya bu infrastrukturu qoşun və silah daşımaq üçün istifadə edir. Krım Ukraynadır və işğalın istənilən forması sərt cavab alacaq.”

Xatırladaq ki, bu, Krım körpüsünə üçüncü hücumdur. İlk zərbə 2022-ci ilin oktyabrında baş vermiş və körpünün avtomobil və dəmir yolu hissələri ciddi ziyan görmüşdü. 2023-cü ilin yayında isə Ukrayna dəniz dronları vasitəsilə körpünü yenidən hədəfə almışdı. Bu dəfə fərqli olaraq sualtı hücum texnologiyasından istifadə olunub ki, bu da Ukraynanın hibrid döyüş imkanlarının daha da inkişaf etdiyini göstərir.

Rusiya rəsmiləri hücumla bağlı ilkin mərhələdə rəsmi açıqlama yaymayıb. Lakin Rusiya teleqram kanallarında səhər saatlarından etibarən körpü ətrafında avtomobil sıxlığı, gücləndirilmiş yoxlamalar və yol bağlanması barədə məlumatlar paylaşılıb.

Məlumata görə, iyunun 3-də səhər saat 6-dan etibarən körpü təxminən 3 saat bağlı qalıb. Saat 10:00-a olan məlumata əsasən, Kerç istiqamətində hərəkət normallaşsa da, Tamandan Krıma keçmək istəyən 380-dən çox avtomobil bir saatdan artıq gözləməli olub. Daha sonra bu növbə 5 kilometrlik tıxaca çevrilib. Maşınların əl ilə yoxlanması 1,5–2 saat, xüsusi skanerlərlə isə 4 saata qədər vaxt alıb.

Rasim Əliyev

“AzPolitika.info”