Həbsdə olan məşhur vəkil Adəm Məmmədovun cəzası artırıla bilər. Böhtan və təhqir ittihamı ilə 6 ay azadlıqdan məhrum edilən Adəm Məmmədov başqa bir işlə əlaqədar dindirilir.
"AzPolitika" "Gununsesi.info"-ya istinadən xəbər verir ki, bu günlərdə Bakı İstintaq Təcridxanasında Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Adəm Məmmədovdan ifadə alıblar. Dindirmə vəkil barədə idarəyə vətəndaşların göndərdiyi şikayətlərlə bağlı olub.
Vəkil Adəm Məmmədov 2024-cü il martın 5-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 6 ay azadlıqdan məhrum edilib. Digər vəkil Ceyhun Yusifovun xüsusi ittiham qaydasında qaldırdığı şikayət əsasında o, Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib.
Onun qardaşı Xəyyam Məmmədov da eyni əməllərlə təqsirli bilinib. Ona isə 6 ay müddətinə islah işləri cəzası verilib.
Adəm və Xəyyam Məmmədov qardaşları özlərini təqsirli hesab etmir və apellyasiya şikayəti veriblər.
Eyni zamanda, Ceyhun Yusifov da hökmə qarşı şikayət verib. Lakin şikayət vermə müddətinin ötürülməsi səbəbindən hələ də apellyasiya məhkəməsi keçirilməyib.
Müddətlə bağlı məsələnin həlli üçün Ali Məhkəməyə müraciət olunub.

Şərhlər