Amerikalı iş adamı, “X” (keçmiş Twitter) sosial şəbəkəsinin sahibi İlon Mask ABŞ Prezidenti Donald Tramp haqqında ötən həftə paylaşdığı bəzi postlara görə üzr istəyib.
Mask bildirib ki, həmin paylaşımlar “bir qədər həddi aşmışdı” və bu fikirlərini özünə məxsus “X” platformasında yazıb.
Məlumata görə, Mask və Tramp arasında gərginlik, Maskın ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri vəzifəsindən ayrılmasından sonra başlayıb. Mask, Trampın təşəbbüsü ilə irəli sürülən büdcə və vergi güzəştlərinə dair qanun layihəsindən narazılığını açıq şəkildə ifadə edib. Tramp həmin qanunu “böyük və gözəl qanun” adlandırsa da, Mask hesab edir ki, bu layihə ABŞ-ın dövlət büdcəsində ciddi kəsir yaradacaq.
Tərəflər arasında qarşıdurma iyunun 5-də sosial şəbəkələrdə açıq mübahisəyə çevrilib. Mask öz fikirlərini “X” platformasında, Tramp isə ona məxsus “Truth Social”da paylaşaraq bir-birinə cavab veriblər.
Mask paylaşımlarında qeyd edib ki, əgər o, müəyyən dəstək göstərməsəydi, Tramp prezident seçkilərində məğlub olardı. Tramp isə cavabında Maskı “ağlını itirmiş adam” adlandırıb.
Bir neçə gün sonra Mask “X” platformasında Tramp barədə yazdığı bəzi paylaşımların sərt olduğunu etiraf edərək üzr istəyib.
Tramp da İlon Maskla münasibətlərinin pisləşdiyini istisna etməyib.
"Baxın, İlonla mənim əla münasibətimiz var idi. Bunun belə davam edəcəyinə isə əmin deyiləm", - Tramp deyib.
“AzPolitika.info”

Şərhlər