Nurəddin İSMAYIL

Rusiya Prezidentinin köməkçisi V. Medinskinin Qarabağın Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi olması ilə bağlı RT kanalına verdiyi bədnam açıqlama, bizdən bu öllkə ilə münasibətlərdə daha həssas olmağı tələb edir. Onun açıqlaması Rusiyanın rəsmi mövqeyi ilə uyğun gəlməsə də, bu cür bəyanatların Putinin iradəsindən kənar baş tutmasını düşünmək sadəlövhlük olardı.

Medinskinin sıradan bir şəxs olmadığı daşıdığı vəzifələrdən bəlli. Digər tərəfdən adam bilgisiz birisi deyil ki, Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu bilməmiş olsun. Bilməsin ki, bu soysuz tayfa 200 il əvvəl məhz Rusiyanın himayədarlığı ilə, apardığı işğalçı, ekspansionist siyasətlə İran və Türkiyə ərazisindən Azərbaycanın tarixi ərazilərinə, o cümlədən Qarabağa köçürülüb və Rusiyanın qulbeçəsi olub. Ola bilməz ki, Ermənistan rəsmilərinin İkinci Qarabağ savaşında Rusiyanın onların arxasında durmaması ittihamına V. Putinin “Müharibə Ermənistan ərazisində aparılmayıb” kimi sərt cavabını onun köməkçisi belə tezliklə unutsun. Medinski yaxşı bilir ki, 30 il işğalda qalmasına baxmayaraq, Rusiya da daxil olmaqla, dünyanın heç bir ölkəsi Qarabağı Ermənistan ərazisi kimi tanımayıb. Sonda Paşinyan da Qarabağın Azərbaycan ərazisi olduğu faktını etiraf etməli oldu.

Demək məsələ heç də bilgisizlikdən, təsadüfən ortaya çıxmayıb və məqsəd həllini tapmış, gündəmdən çıxarılmış Qarabağ məsələsini yenidən beynəlxalq predmetə çevirmək, sülhə can atan Paşinyan hakimiyyətini Rusiyanın maraqlarına xidmət edən digəri ilə əvəzləyib, öz orbitində saxlamaqdır. Məqsəd həm də Ukrayna müharibəsindən dolayı Cənubi Qafqazda itirdiyi mövqeni, təsir dairəsini yenidən bərpa etmək və regionda cəlbedici, barışgətirici dövlət kimi nüfuz qazanan Türkiyənin aparıcı gücünə qarşı güc tətbiq etməkdir. 

Bu dövlətin imperiya xəstəliyinə tutulan rəsmi zehniyyəti, onu idarə edənlərə işğalçılıq, təcavüzkarlıq, vaxtı ilə zor gücünə ərazisinə qatdığı yaxın ölkələri yenidən istila etmək kimi alçaq, zorakı niyyətlərdən geri durmağa imkan vermir. Bu dövlətin baş keşişindən tutmuş baş idarə edəninə qədər baş işlədib, dağılan, məhvə doğru gedən Rusiyanı qorumaq, yeni dünya nizamına uyğun qurmaq, sivil qaydada idarə etmək əvəzinə yalnız və yalnız öz ətrafındakı kiçik dövlətləri rus şovinizminin qurbanına çevirmək haqda düşünürlər. Ukrayna ilə müharibənin gətirdiyi itkilər, qırğınlar, resursların tükənməsi, beynəlxalq sanksiyalar, dünyada olan nüfuzunun zədələnməsi Putin isteblişmentini olanlardan nəticə çıxarmaqdansa, dünyaya nüvə müharibəsini elan etmək kimi sərsəm bəyanatlara sövq edir. SSRİ-ni təzədən qurmaq, post sovet ölkələrin ərazilərini yenidən işğal etmək kimi sərsəm bəyanatlar təkcə Medinskinin dilindən deyil, bu ölkənin ideoloqları, media maqnatları olan Duqin, Jirinovski, Medvedev, Solovyov, Zatulin, Tolstoy kimi şovinistlər tərəfindən də dəfələrlə səslənib.

Heç cür barışmaq istəmirlər. Nə o zaman, Cümhurriyətin elan edilməsi dövründə, nə də İkinci Qarabağ savaşından sonra suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpa edilməsi ilə heç vəchlə barışmaq istəmirlər. Heç bir ölkədə rus icmasına, rus əhalisinə qarşı olan səmimi münasibət Azərbaycanda olduğu qədər olmayıb. Bunun qarşılığında Azərbaycan Rusiyadan daim zərbələr almış, vaxtı ilə tərkibinə daxil olduğu ölkələr sırasında ən çox ayrı-seçkiliyə məruz qalmışdır. Bu siyasət bu gün də davam edir və Medinski kimi əbləhlərin ölkəmizə qarş antipatiyasının arxasında yüzillərdir davam edən o mənfur siyasət durur.

Adam Putinin ağzı ilə danışır, Ukrayna ilə paralellər apararaq təmsil etdiyi dövlətin niyyətini həyasızcasına dilə gətirib, deyir: "Biz cəbhə xəttində münaqişəni dayandırsaq və real sülhə razı olmasaq, sadəcə olaraq hansısa atəşkəs bağlasaq, o zaman vəziyyət bir vaxtlar Ermənistanla Azərbaycan arasındakı mübahisəli bölgə olan Qarabağı xatırladacaq. Real sülh olmasa o zaman bu bölgə (Rusiyanın yeni əraziləri) nəhəng Qarabağa çevriləcək".

Beynəlxalq normalara, Rusiya ilə Azərbaycan arasında bağlanan müttəfiqlik fəaliyyəti haqqında müqaviləyə uyğun gəlməyən bu bəyanata Azərbaycan Xarici İşlər Nazirliyinin gecikməyən sərt cavabı onlara Azərbaycanın əvvəlki Azərbaycan olmadığını anlatdı.