“AzPolitika” beynəlxalq informasiya mənbələrinə istinadla xəbər verir ki, şənbə axşamı və bazar gününə keçən gecə İran İsrailə qarşı kütləvi raket zərbələri endirib. Zərbələr nəticəsində ölən və yaralananlar var, yaşayış məhəllələrində dağıntılar qeydə alınıb.
Bu, İsrailin İranın hərbi və nüvə obyektlərinə qarşı başlatdığı əməliyyatdan sonra baş verən altıncı cavab hücumudur. Bu dəfə İsrailin itkiləri əvvəlki – iyunun 14-nə keçən gecəki hücumdan daha çoxdur.
İsrail mediasının məlumatına görə, İran ölkəyə ən azı 70 ballistik raket atıb. Bundan əlavə, Yəməndəki husilər də bir neçə raket buraxıblar. Əsas zərbələr ölkənin şimal bölgələrinə və Təl-Əviv ətrafına yönəlib. Təl-Əvivin cənubunda yerləşən Bat-Yam şəhərində bir neçə çoxmərtəbəli yaşayış binası birbaşa zərbəyə məruz qalıb və dağılıb. Hazırda axtarış-xilasetmə işləri aparılır, dağıntılar altında insanların qaldığı ehtimal olunur.
İndiyədək 13 nəfərin öldüyü təsdiqlənib. Onların arasında uşaqlar da var. 200-dən çox insan yaralanıb. Son məlumatlara görə, 7 nəfər itkin düşmüş hesab olunur. Bat-Yam şəhərində 6 nəfər həlak olub. Daha 4 nəfər isə İsrailin şimalındakı Tamra şəhərində ölüb.
İsrail ərazisi üzərində uçan raketlərin və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı videolar sosial şəbəkələrdə yayılıb. Bəzi raketlərin vurulması mümkün olmayıb.
Hücumların bir hissəsi Hayfa limanı və oradakı neft emalı zavoduna yönəlib.
İsrail də cavab olaraq bazar gününə keçən gecə İrana – o cümlədən Tehrana və husilərin nəzarətində olan Yəmən ərazilərinə zərbələr endirib. İsrail mediasının iddiasına görə, Tehranın yaxınlığındakı neft obyektləri mümkün hədəflərdən biri olub. Zərbələrdən sonra bir neçə yerdə yanğın baş verib.
İsrail ordusu, həmçinin İran Müdafiə Nazirliyinin binasına zərbə endirildiyini açıqlayıb.
AzPolitika.info
***
İranın Təl-Əviv ətrafındakı yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub,
Bu haqda “Times of Israel” məlumat yayıb.
Məlumata görə, Təl-Əvivin ətrafı Bat Yamda həlak olanlar arasında iki uşaq da var.
Daha 137 nəfər yaralandığı, təxminən 35 nəfərin itkin düşdüyü bildirilir. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan qurbanları tapmağa çalışır.
Raket zərbələri nəticəsində Hayfada da böyük partlayışların baş verdiyi, xeyli sayda ölü və yaralının olduğu bildirilib.
***
İran İsrailə qarşı növbəti zərbələr dalğasına başlayıb. Bu haqda “Fars” agentliyi məlumat yayıb.
İsrail mediasının məlumatına görə, İranın göndərdiyi raketlərin altıncı dalğası Tel-Əvivə və Hayfaya düşməyə başlayıb.
“İsrail Səsi”nin məlumatına görə, İsrail Təhlükəsizlik Kabineti hazırda yeraltı bunkerdə fövqəladə iclas keçirir.
Nazirlərə şəxsi əşyalarını götürüb uzun müddət bunkerdə qalmaq tapşırılıb.

Şərhlər