Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sərəncam verərək öz səlahiyyətlərini müavini Qiyas Sadıqova həvalə edib.
“AzPolitika” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb:
“Azərbaycan Xalq Partiyası Nizamnaməsinin 7.1.4.2-ci maddəsinə əsaslanaraq qərara alıram:
AXP sədrinin səlahiyyətləri bu qərar elan olunduğu tarixdən etibarən AXP sədrinin müavini Qiyas Böyükağa oğlu Sadıqova həvalə edilsin”, – P. Hüseynin sərəncamında qeyd olunub.
O, “AzPolitika”ya açıqlamasında bildirib ki, partiya nizamnaməsinə görə, onun belə bir səlahiyyətə malikdir: “Növbəti sərəncama qədər AXP sədrinin səlahiyyətlərini müavinim Qiyas Sadıqov icra edəcək.”
“Buna hansı zərurət vardı?” sualını Pənah Hüseyn belə cavablandırıb: “Hazırda mən yeni ictimai-siyasi hərəkatın içərisindəyəm. Ona görə də bu prosesdə partiya sədri kimi iştirakımı məqsədəuyğun saymadım. Hesab edirəm ki, ölkədə demokratik sistemin əsas hərəkətverici qüvvəsi çoxpartiyalı sistemdir. İndiki şəraitdə bu sistemin durumu ürəkaçan deyil. Buna görə də milli-demokratik qüvvələrin bir araya gətirilməsi, təşkilatlanması istiqamətində fəaliyyət göstərmək niyyətindəyəm.”
Pənah Hüseyn partiya sədrliyindən tam gedib-getməyəcəyi barədə konkret fikir bildirməyib: “Bu ilin sonuna qədər AXP-nin qurultayı keçirilməlidir. Doğrudur, hələlik bu barədə rəsmi qərar yoxdur. Növbədənkənar qurultay da çağırıla bilər və orada sədr seçkisi gündəmə gələ də, gəlməyə də bilər. Bu, qurultay nümayəndələrindən asılıdır. O da mümkündür ki, mən qəti şəkildə partiya sədrliyindən istefa verim. O zaman AXP özünə yeni sədr seçəcək.”
Rasim Əliyev
AzPolitika.info
***
Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verib.
Bu barədə o sosial şəbəkədəki hesabında yazıb.
Bildirib ki, sədr səlahiyyətlərinin müvəqqəti icrası sədrin müavini Qiyas Sadıqova həvalə olunub.



Şərhlər
Pənah qalsa nə olacaq,getsə nə olacaq ?Gya 30 ildə bu partiyanın nəsə bir ciddi fəaliyyəti olub?Sadəcə hərə özünə bir kormuşka yaradıb.hakimiyyət də nədnsə göz yumub30 ildə bu partiya hansı fəaliyyəti ilə xalqın yadında qalıb?Avara yığnağı!