İsrail-İran hərbi qarşıdurması dünya enerji bazarlarında ciddi sarsıntılar yaradıb. Brent markalı neftin qiyməti bir neçə gün ərzində 10%-dən çox artaraq əvvəlcə 75,15 dollara, sonra isə 76,94 dollara yüksəlib. Xam neft fyuçersləri isə 13%-ə qədər bahalaşıb. ABŞ-ın VIX indeksi son üç həftənin maksimum həddinə çatıb, sərmayəçilər səhmləri tərk edərək qızıl və dövlət istiqrazlarına yönəliblər.

İqtisadçı Eldəniz Əmirovun “AzPolitika”ya verdiyi açıqlamaya görə, münaqişə Hörmüz boğazı ətrafında təhlükəni artırır. Gündəlik 18–20 milyon barel neftin bu boğazdan keçdiyini xatırladan ekspert bildirir ki, bu, dünya neft ticarətinin təxminən 20%-nə bərabərdir. İranın boğazı bağlama təhdidi isə qiymətlərin daha da artmasına səbəb ola bilər. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, neftin 10%-lik bahalaşması inkişaf etmiş ölkələrdə inflyasiyanı 0,4 faiz bəndi yüksəldir.

Əmirov qeyd edib ki, LNG (maye qaz) bazarı da risk altındadır. Qətər və BƏƏ-nin qaz ixracı tamamilə Hörmüz boğazından keçir və bu, qlobal LNG ticarətinin təxminən beşdə birini təşkil edir. Bu marşrut bağlanarsa, Çin və Hindistan alternativ mənbələrə yönələcək və bu da digər bazarlarda qiymət artımına səbəb olacaq. İran sanksiya altında olsa da, Çin neft tələbatının əhəmiyyətli hissəsini bu ölkədən qarşılayır.

Aviasiya sektorunda yaranan gərginliyə də toxunan ekspert, İran, İsrail, İraq və İordaniyanın hava məkanlarını bağladığını xatırladıb. Bu səbəbdən bir sıra beynəlxalq aviaşirkətlər bölgəyə uçuşları dayandırıb, Təl-Əvivdən bəzi reyslər sərnişinsiz olaraq Kipr və Avropa şəhərlərinə yönləndirilib. Yeni marşrutlar həm səyahət müddətini uzadır, həm də yanacaq və sığorta xərclərini artırır ki, bu da logistika və turizm xidmətlərində qiymət artımına gətirib çıxarır.

Ekspert ticarət yollarının da təhlükə altında olduğunu bildirib: “Hörmüz boğazı yalnız enerji deyil, həm də məişət texnikası və istehlak mallarının daşınması baxımından əsas dəhlizlərdən biridir. Münaqişə səbəbilə sığorta haqları artır, daşınma xərcləri yüksəlir və bu, birbaşa istehlakçı qiymətlərinə təsir edir”.

İsrail daxilində də vəziyyətin sabit olmadığını qeyd edən Əmirov, milli valyuta – şekelin dollar qarşısında 2% dəyər itirdiyini, supermarketlərdə izdiham və panika əlamətlərinin müşahidə edildiyini bildirib.

 “Supermarketlərdə izdiham yaşanır. Məlumatlara görə əksər alış veriş şəbəkələrində alış səviyyəsi 300% artıb, bəzi məhsulların rəfləri boşalıb. “Barclays” və “EY-Parthenon” isə bu qarşıdurmanı “qlobal tənəzzülə səbəb ola biləcək ssenari” adlandırır. Neftin bahalaşması təkcə yanacaqla yanaşı, ərzaq, daşınma və istehsal xərclərində də artıma səbəb olacaq”, - o vurğulayıb

Əmirov sonda qeyd edib ki, bu proseslərin içində ən strateji hədəf Hayfa limanıdır və burada daha dərin iqtisadi və geosiyasi maraqlar dayanır.

Rasim Əliyev
AzPolitika.info