İrain-İsrail savaşı səbəbindən cənub qonşumuz üzərindən keçən quru yolun bağlanması Naxçıvan Muxtar Respublikasında yanacaq qıtlığı yaradıb. 

"AzPolitika" xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan" kanalına yerli sakinlər məlumat veriblər.

Məlumata görə, yanacaqdoldurma məntəqələrinə avtomobil başına 20 litrdən artıq benzin və ya salyarka satmaq qadağan olunub. Müharibəni uzanacağı təqdirdə, sui-istifadənin qarşısını almaq üçün, talon sisteminə keçiləcəyi bildirilir. Qeyd olunur ki, yanacaq satışına qoyulan limit xüsusilə uzaq səfər edən sürücüləri çətin vəziyyətə salır. 

Türkiyəyə müalicəyə gedən Şərur sakini Arzu Məmmədov deyir ki, sərhədi keçdikdən sonra baha qiymətə yanacaq almağa məcburdur:“Ərzuruma xəstəxanaya gedirəm. 20 litr dizel yanacağı ilə mən necə gedib-qayıda bilərəm? Düzdür, bir məntəqədən 20 litr alıb, sonra digərinə gedib, ordan da almaq olur. Ancaq, bu həm vaxt, həm də əlavə yanacaq itkisidir. Çünki məntəqələr bir-birindən bir neçə kilometr aralıdadır. Məcburam ki, Türkiyədə yanacaq vuram. Türkiyədə isə yanacaq bizdən bahadır. Əlavə ən azı 50-60 manat yanacağa pul xərcləməliyəm. Vəziyyəti də başa düşürük. Müharibədən heç kim sığortalanmayıb. Yəqin ki, hökumət alternativ variant tapacaq".

Kəngərli rayon sakini Hidayət Orucov isə yanacağa qoyulan limitin onun işlərinə mənfi təsir etdiyini bildirir:“Mən demək olar ki, işimlə bağlı həftədə bir neçə dəfə Ordubadın ucqar kəndlərinə gedib-qayıdıram. 20 litir limit qoyublar. İşlərim bitənə qədər ən azı 30 litir benzin işlədirdim. Həmişə bir yerdən götürüb gedirdim. Deyilənə görə talonla olacaq. Belə olsa, gün ərzində yalnız bir dəfə 20 litr ala biləcəyik. Bu mənim kimi insanlar üçün ciddi problemdir. Müharibənin uzanması hətta yanacağın qiymətinin qalxmasına, limitin də daha da azalmasına səbəb ola bilər. Bu isə əlavə problemlərin yaranması deməkdir".

"AzPolitika.info"