Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.

"AzPolitika" xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanıldığı bildirilir.

Məlumata görə, , Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.

Hazırda onlar Bakıya gətirilir.Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar.

Xatırladaq ki, M.Şəkiliyev Baş nazirin müşaviri Əhməd Əhmədzadənin yaxın qohumudur. 

Qeyd edək ki, xəbəri ilk olaraq  "News24.az" saytı yayıb.

Xatırladaq ki, Musa Şaban oğlu Şəkiliyev 23.09.1959-cu ildə Qax rayonunda anadan olub. O,  əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb. O, 1981–1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986–1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002–2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləyib.

Musa Şəkiliyev 12 aprel 2010-cu idə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var

"AzPolitika.info"