İranın ali lideri ayətullah Əli Xamenei İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib.

"AzPolitika"  xəbər verir ki, o, “X” hesabında İran xalqını İsrail üzərindəki qələbə münasibətilə təbrik edib.

İranın İsrailə ağır zərbələr endirdiyini qeyd edən dini lider müharibənin qələbə ilə bitdiyini deyib: “ABŞ-nin bu müharibədən heç bir qazancı olmadı. ABŞ İsrailin yox olacağını düşündüyü üçün bu müharibəyə daxil oldu. İran ordusu İsrailin çoxmərhələli hava hücumundan müdafiə sistemini dəf edərək onları vurmağı bacardı”, - deyə Xamenei videomüraciətində deyib.

Qeyd edək ki, 2 həftəyə yaxındır Xameneinin harada olması böyük maraq doğurub. Bəzi mənbələr atəşkəsin əldə olunmasına baxmayaraq, ali dini liderin hələ də hədəf olduğunu iddia edirlər.

Xatırladaq ki, 13 iyunda səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksəkrütbəli hərbçi, generallar, nüvə alimləri və başqa rəsmilər ölüb. İyunun 24-nə keçən gecə ABŞ-nin dəstəyi ilə atəşkəs əldə edilib.

***

İranın ali lideri Əli Xamenei İsraillə münaqişənin və ABŞ-nin İranın nüvə obyektlərini bombalamasının başa çatmasından sonra ilk bəyanatını verməyi planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə Xameneinin “X” sosial şəbəkəsindəki səhifəsində deyilir.

"İmam Xameneinin televiziya ilə müraciəti yaxın dəqiqələr ərzində yayımlanacaq", - paylaşımda qeyd olunub.