Politoloq Elxan Şahinoğlu Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hadisələr fonunda Rus icmasının Azərbaycandakı fəaliyyətsizliyini və zəif rəhbərliyini tənqid edib. O bildirib ki, yaşanan insident bir daha göstərdi ki, Azərbaycan Rus icmasında çevik, qətiyyətli və məsuliyyətli rəhbərliyə ciddi ehtiyac var.
Elxan Şahinoğlu qeyd edib ki, Yekaterinburq hadisəsi baş verdiyi gün jurnalistlərin suallarına “bilmirəm”, “xəbərim yoxdur” kimi cavablar verən şəxslərin daha sonra səsləndirdiyi açıqlamaların ictimaiyyət üçün heç bir əhəmiyyəti qalmır: “İcma rəhbəri gərək bu cür hadisələr zamanı dərhal və dolğun reaksiya versin”.
“AzPolitika” xəbər verir ki, politoloq icmanın uzun illərdir rəhbəri olan və eyni zamanda Milli Məclisin deputatı postunu tutan Mixail Zabelinin passivliyini tənqid edərək, onun bu iki mövqeyini qorumasına baxmayaraq, real təsir gücündən uzaq olduğunu bildirib: “Mixail Zabelin zəif fiqurdur. Rus icmasına elə bir şəxs rəhbərlik etməlidir ki, onun səsi həm Azərbaycanda, həm də Rusiyada eşidilsin”.
Elxan Şahinoğlu vurğulayıb ki, Rus mənşəli Azərbaycan vətəndaşının parlamentdə təmsil olunması təbii və müsbət haldır: “Vaxtilə Milli Məclisdə ukraynalıları təmsil edən general Vladimir Timoşenko da var idi. Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşan və həlak olan rus və ukrayna mənşəli vətəndaşlarımız olub”.
Onun sözlərinə görə, Azərbaycanda yaşayan rusların, ukraynalıların, tatarların və digər xalqların nümayəndələrinin ölkənin siyasi və ictimai həyatında fəal olması təqdirəlayiqdir: “Bu fəallıq, təbii ki, onların vətəndaşı olduqları Azərbaycanın milli maraqlarına xidmət etməlidir”.
Politoloq hesab edir ki, bu kimi hadisələrdə balanslı mövqe tutmaq çıxış yolu deyil: “Yekaterinburq kimi hallarda ‘balanslı’ davranış faydasızdır. İcma rəhbəri Rusiya səfirliyindəki çoxsaylı görüşlərdə sadəcə Kremlin təlimatlarını dinləməklə kifayətlənməməlidir. Əksinə, gərginliyə səbəb olan halların aradan qaldırılması üçün səfirə və Rusiya siyasi dairələrinə izah etməyə çalışmalıdır ki, bu cür hallar münasibətlərə ziyan vurur”.
"AzPolitika.info"

Şərhlər