Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Rusiya Federasiyasının Cənubi Qafqazda, xüsusən də Ermənistanda hərbi mövcudluğunu gücləndirdiyini bildirir.
"AzPolitika" bildirir ki, bu barədə Ukrayna mediasında GUR-un rəsmi məlumatına istinadən xəbər yayılıb.
Məlumata görə, Kreml Azərbaycanla münasibətlərin gərginləşməsi fonunda Ermənistandakı Gümrü hərbi bazasında şəxsi heyətin komplektləşdirilməsini sürətləndirib. GUR-un iddiasına görə, Moskva bu yolla region ölkələrinə hərbi və siyasi təzyiq imkanlarını genişləndirmək niyyətindədir.
Eyni zamanda Ukrayna kəşfiyyatı qeyd edir ki, Rusiya Şimali Osetiya və Adıgeya kimi muxtar respublikalarda könüllülər cəlb etmək istiqamətində fəallığı artırıb. Bu proses Cənubi Qafqazda yerləşən qoşun hissələrinin say və hazırlıq səviyyəsini artırmaq məqsədi daşıyır.
Xatırladaq ki, son günlər Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müşahidə olunan gərginlik fonunda Moskvanın Ermənistana yönəlik addımları və Gümrü bazasındakı fəaliyyətləri analitik dairələrdə narahatlıqla qarşılanır. Politoloqlar bu prosesin regiondakı balansı dəyişdirə biləcəyini istisna etmirlər.
AzPolitika.info


Şərhlər