Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətinin daha 90 gün - 2027-ci il yanvarın 29-dək uzadılması haqqında fərmanlar imzalayıb.
Sənədlər Ukrayna Prezidentinin saytında dərc olunub.
Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hər iki rejimin artıq 21-ci dəfə uzadılmasıdır.
Hərbi vəziyyət dövründə 18-60 yaş arası hərbi vəzifəli kişilər yaşayış və ya olduğu yer üzrə hərbi qeydiyyatda olmalı və vahid dövlət reyestrində şəxsi məlumatlarını vaxtında yeniləməlidirlər.
Onlar həmçinin üzərlərində pasport və kağız və ya elektron formada hərbi qeydiyyat sənədi gəzdirməyə, eləcə də müəyyən edilmiş müddətlərdə ərazi komplektləşdirmə mərkəzlərinə və ya təlim mərkəzlərinə gəlməyə borcludurlar.
Sağlamlıq vəziyyətinə görə yararlı hesab edilən və möhlət üçün qanuni əsasları olmayan 25-60 yaş arası kişilər məcburi səfərbərliyə cəlb olunurlar.
18-25 yaş arası kişilər yalnız qanunla nəzərdə tutulan hallarda - əgər onlar ehtiyatda olan zabitdirlərsə və ya əvvəllər müddətli hərbi xidmət keçiblərsə, səfərbər oluna bilərlər. Digər hallarda onlar xidmətə könüllü daxil ola bilərlər. /"Report"


Şərhlər