Ələkbərov bürokratik sistemin içində olmaqla onu anlamağı, ona uyğun davranmağı və ona toxunmadan təsir etməyi öyrənib
Təkcə Azərbaycanda deyil, bütün dünyada uğurlu iş adamlarının dövlət vəzifələrinə təyin edilməsi hər zaman riskli addım kimi qəbul edilib və çox zaman mənfi nəticələr verib. Bunun çoxlu nümunələri var ki, bunlardan son olaraq, Donald Trampın İlon Maska vəzifə verməsini xatırlamaq olar. Bunun nə ilə nəticələndiyi isə göz qabağındadır…
Sabiqlərlə bağlı araşdırmalarımızın budəfəki “qonağı”, keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovu Maskla müqayisə etmək fikrimiz yoxdur. Ancaq o da Azərbaycanda əvvəl biznes sferasında çalışmış, daha sonra siyasi vəzifə tutmuş, sonda isə yenidən iş dünyasına qayıdaraq imkanlarını qat-qat artıra bilmiş şəxslərdəndir.
Əlbətə, Azərbaycanın müstəqillik tarixində siyasətlə biznes arasındakı sərhədlərin nə qədər nazik, bəzən isə tamamilə silinmiş olduğunu göstərən fiqurlar çox olub. Amma yüksək vəzifədən getdikdən sonra iş adamı kimi mövqeyini qorumağı bacaran, dəyişən reallıqlara adaptasiya olan, eyni zamanda görünmədən təsir imkanlarını saxlayan şəxslər barmaqla sayılacaq qədər azdır. Füzuli Ələkbərov da bu azsaylı fiqurlardan biridir.
Bəs Füzuli Ələkbərovun siyasət və biznes arasında "kölgə" bir fiqur kimi qala bilməyi necə bacarıb?
Bir sərhəd rayonundan müəllimliyə, oradan "imperiya" təsisçliyinə doğru...
1958-ci ildə Culfa rayonunda anadan olan Füzuli Ələkbərov sadə, lakin strateji coğrafiyada – İranla sərhəddə yerləşən bir regionda böyümüşdü. Naxçıvanın sərhəd iqtisadiyyatı və ticarət refleksi bu bölgədən çıxan bir çox iş adamının taleyinə təsirsiz ötüşməyib. Ələkbərov da bu mühitin, belə demək mümkünsə, məhsulu idi: tələbəlik illərində Bakı Dövlət Universitetində riyaziyyat və iqtisadiyyat təhsili almış, əmək fəaliyyətinə isə müəllim kimi başlamışdı. Bu ilk baxışdan sakit həyat sonradan böyük iqtisadi transformasiyaya çevriləcəkdi.
Riyaziyyat və iqtisadiyyat üzrə aldığı ali təhsil ona yalnız müəllimlik etməyə deyil, həm də sərbəst qərarlar qəbul etməyə, maliyyə axınlarını anlamağa imkan verirdi. Məhz 1990-cı illərin çılğın bazar iqtisadiyyatı mühitində çevik düşüncə bacarığı onu tamamilə başqa istiqamətə yönəltdi.

SSRİ-nin dağılmasından sonra yaranan xaotik dövrdə yeni iqtisadi aktorlar üçün meydan açılmışdı. Ələkbərov bu fürsəti dəyərləndirənlərdən oldu. 1991-ci ildə “İmprotex” adlı şirkət təsis etdi. Əvvəlcə turizm sahəsində fəaliyyət göstərən şirkət, az sonra avtomobil idxalı, tikinti texnikası, kənd təsərrüfatı avadanlığı və metallurgiya sahələrində genişlənərək Azərbaycanın qeyri-neft sektorunda aparıcı qruplardan birinə çevrildi.
“İmprotex Motors” BMW, MAN və Rolls Royce kimi markaların Azərbaycandakı rəsmi distribyutoruna çevrildi. Bu, təkcə kommersiya uğuru deyildi – həm də beynəlxalq əlaqələrin, lisenziyaların və yerli inzibati strukturla ahəngdar münasibətlərin nəticəsi idi. Hətta işğaldan azad olunmuş ərazilər üçün istehsal edilən minatəmizləyən texnikalar və yanğınsöndürmə maşınları da bu holdinqin məhsuludur.
Nazir kreslosunda biznes adamı – “təmiz qalmaq” çabası və nazirlərlə toqquşan şəxsi maraqlar
2006-cı ildə Füzuli Ələkbərov Azərbaycanın Əmək və əhalinin sosial nüdafiəsi naziri təyin olundu. Onun bu təyinatı o dövrdə təəccüblə qarşılanmışdı: uzun illər biznesdə aktiv olan biri birdən-birə sosial sahədə mühüm bir postun sahibi olurdu. Lakin həmin dövr üçün bu normal idi – çünki oliqarx-məmur modeli Azərbaycan idarəçiliyində yayğınlaşmışdı.
Nazir olduğu dövrdə Ələkbərov bir neçə islahat təşəbbüsü ilə çıxış etdi: sosial kart sistemləri, elektron reyestrlərin tətbiqi, pensiya islahatları və s. kimi. Lakin bu təşəbbüslər həmin vaxt nazirlikdə kök atmış dərin korrupsiya mühiti ilə toqquşunca ya dayanır, ya da formal şəkildə həyata keçirilirdi.

Elə bəlkə bu səbəbdən Ələkbərovun kabinetə girən gündən məmurlarına “əlil, yoxsul və pensiyaçının puluna toxunmayın” xəbərdarlığı da nəticəsiz qalmışdı. Baxmayaraq ki, hənin vaxt bu açıqlama mediada geniş rezonans doğurmuşdu. Ancaq Ələkbərovun nazir olduğu 2006–2013-cü illər arasında nazirliklə bağlı səslənən korrupsiya və rüşvət iddiaları bu “xəbərdarlığın” çox da ciddi qəbul edilmədiyini ortaya qoydu.
Bu da Ələkbərovun portretində əxlaqi ziddiyyətin və onun rəhbərlik etdiyi nazirlikdəki korrupsiya "bataqlığı" içində “təmiz qalmaq” çabasının mürəkkəbliyini ortaya qoyurdu.
Bu ziddiyət onun fəaliyyətində özünü göstərirdi. Ələkbərov o dövrdə biznesdən rəsmi olaraq çəkildiyini bildirsə də, “İmprotex”in rəhbərliyinə həyat yoldaşı İradə Ələkbərova keçmişdi. Şirkətə həyat yoldaşının rəhbərlik etməsi və yaxın qohumların önəmli postlarda olması bizneslə dövlət vəzifəsi arasındakı sərhədlərin formal xarakter daşıdığını sübut edirdi. Ələkbərov faktiki nəzarəti əlində saxlayırdı.
Biznesini böyütmək istəyən Ələkbərovun dövlət strukturları ilə münasibəti heç də hamar olmayıb. Qeyri-rəsmi məlumatlara görə, o, bəzi güc mərkəzləri ilə tez-tez toqquşmalar yaşayır, şəxsi maraqların toqquşması nəticəsində müəyyən dairələrdən təzyiqlərə məruz qalırdı. Bu da onun siyasətdə uzunmüddətli qala bilməməsinin əsas səbəblərindən biri hesab olunur.

Dubayla sıx əlaqələr, imtiyazlı inhisarçılıq və dövlətlə tərəfdaşlıq
Nazirlikdən getdikdən sonra Ələkbərovun adı ictimai sferadan demək olar ki, silindi. Amma Ələkbərovun xarici ölkələrlə – xüsusilə də Dubayla sıx əlaqələri sonradan onun fəaliyyət dairəsinə daha qlobal xarakter verdi. Mətbuatın yazdığına görə, o, müəyyən dövrdə Dubayda yaşayaraq orada həm şəxsi biznesini inkişaf etdirdi, həm də Azərbaycanın bəzi oliqarxlarına konsaltinq xidmətləri göstərdi. Bu isə onun Azərbaycan iqtisadi dairələrindəki nüfuzunun hələ də qalmaqda olduğunu göstərirdi.
Lakin eyni zamanda, bu proses “İmprotex”in Azərbaycandakı fəaliyyətində müəyyən boşluqlara səbəb oldu. Şirkətin bəzi qolları – məsələn, “İmair” aviaşirkəti və “İmprotex Aqrotexservis” MMC-nin ləğvi – maliyyə və idarəçilik problemlərinin baş qaldırdığını göstərirdi. Bir dövrün dominant biznes aktoru olan bu qrupun bəzi sahələrdə zəiflədiyi aydın görünürdü.

Ancaq buna baxmayaraq Ələkbərovun biznes imperiyası, xüsusən də “İmprotex Motors”, Azərbaycanda BMW və MAN avtomobillərinin yeganə rəsmi idxalçısı olmaqla bazarda inhisarçı mövqeyini qoruyub saxlayır. Bu, həm ona dövlətlə iri müqavilələr bağlamağa imkan verir, həm də bazarda rəqabəti azaldır. Bu kimi hallarda qiymətlərin süni şəkildə yüksək saxlanılması, alternativ təchizatçıların sıxışdırılması və qeyri-şəffaf ticarət praktikasına dair suallar yaranır.
Bununla belə, “İmprotex”in son illərdə “Araz Vadisi” sənaye zonasında işğaldan azad olunmuş ərazilər üçün texnika istehsalına başlaması, xüsusilə minatəmizləyici və yanğınsöndürmə maşınlarının istehsalı, sosial baxımdan önəmli addım kimi görünür. Bu, həm də Ələkbərovun dövlətlə əlaqələrini hələ də saxladığını və iqtisadi layihələrə adaptasiya qabiliyyətini itirmədiyini göstərir.
Ələkbərov modeli – sabitlik və manevr bacarığının sintezi
Füzuli Ələkbərovun portretini tamamlayan ən əsas cizgi isə onun emosiyasız, lakin strateji susqunluğudur. O, çıxışlar etmir, müsahibə vermir, ictimai debatlara qatılmır. Amma həm yerli, həm də xarici dairələrdə onun adı çəkiləndə “güclü, amma səssiz” fiqur olaraq xatırlanır.

Ələkbərov təkcə “sabiq nazir” və ya “iş adamı” deyildir. O, Azərbaycandakı oliqarx-məmur modelinin canlı portretidir – oliqarxiya sisteminin içindən çıxan və sonrakı dəyişikliklərə çevik uyğunlaşan bir fiqur.
Məhz bu bacarığına görə Füzuli Ələkbərov biznesdən siyasətə, ordan yenidən biznesə dönən və hər mərhələdə ayaqda qala bilən azsaylı şəxslərdəndir. Bu, nə yalnız şəxsi bacarıq, nə də sadəcə əlaqələrlə izah oluna bilər. Bu, Ələkbərovun hər dövrdə öz gücünü - "biznes imperiyasını" qorumaq üçün özünəməxsus bir model ortaya qoyduğunu göstərir. Elə bir model ki, hətta Eldar Mahmidov belə ona toxuna biməmişdi...
Belə görünür ki, cənab Ələkbərov bürokratik sistemin içində olmaqla onu anlamağı, ona uyğun davranmağı və ona toxunmadan təsir etməyi öyrənib.
Rasim Əlyev
“AzPolitika.info”

Şərhlər
Biznezmenden siyasetci olmaz !!
Bəli Sair düz deyir Hğrmətli jurnalist bilərədkən ya bilməyərədkən ələkbərovun komsomolun mərkəzi komitədə koorupsiya işlərlə məşqul olmasından və vəzifəədn suyiistifadəsi hallardan söhbət açmayib
Komsomolun yeqanə "Sputnik" beynalxalq turizm şirkətinin rəhbəri olub və sovet daxılandan sonra onun binasından əmlakından və maliyyədən gözəl istifadə ediblər O nazir olanda qardaşı İsmayyılıda restoran otel və diqər biznesi qurmuşdur Bəs nazirin veteranlara evlərin necə verilməsi əlliərə arabaları necə satılması qeyd olunmsdı bu da ələrkbərovun islahatlarından yalnız bir nümunədir Bəs mənzilərin təntənəli şəkilda açarları verdikdən sonra o biri gün bütün mebel evdən çıxarılma faktarıp unutmusunuz mı
Niyə də olmasın? Bunlar -Sahib Ələkbərov, Zeynal Nağdəliyev, Eldar Əzizov və s. Köhnə komsomolçulardır. Və İcra başçılarının da böyük əksəriyyəti bu qrupun adamlarıdır. Füzuli komsomolda ən korrupsiyanı sahədə işləyirdi. Xarici ölkələrə səyahətlər onun əlində idi. O pulların hesabına biznes qurmuşdu. Bunlar sahibkarlıq partiyasının özəyi idi. Ulu öndər bunları ölkədən didərgin salmışdı. Sonradan özlərinə yer elədilər və indi hakimiyyətin əsas gücü bunlardadır.
İndi dagıdılmaga başlayan "kuratorlu idarə etmə" sisteminin təşkilində də iştirakı olub. Qardaşı oglunun İsmayıllı hadisələrinin səbəbkarı olması onun məmur həyatının sonunu gətirdi. Geri qayıdanda isə qurdugu biznes imperiyası isə artıü dəfələrlə kicilmiş və bir necə ailənin qszançını təmin efəcək qədər kucilmiş idi. Aryıü gec idi və onada qsne olmalı oldu.
F. Ələkbəron Qorbacivun yenidənqurma cagrışlarından sonra Azərbaycan ssrdə ilk bisnez quran olub. Cox ugurlu işləyib, ilk minyoncu olub. Ölkəyə ilk müasir məişət texnilası, kompyuterlər, maşın və mexanizmlər gətirib.. Cox heyif ki, nazir olmags razılıq verdi. Burdada ugurlu oldu. Yuxarıda yazılan iskahatlar ilə birgə iık dəfə sosial ödəmə təqaüdü müəyyən tətbiq olundu, dilk kərə dövlət qullugu və dövlət imtahanı ilə fövlət qulluguna qəbul edildi (200 məfər birdən)
Ən "yaxşı" nazir Səlim idi, 5-3 il də işləsəydi, Azərbaycanın büdcəsini çökdürərdi, onun "yaxşı" olmasını çoxları, əsasən də kiməsə saxta əlillik, pensiya, müəyyən güzəştl sosial yardımlar, vəzifə təyinatları və s. və i...., yəni bu qəbildən olanlar, qeyd edirlər. Mən bir sürücü ilə söhbət eliyəsi oldum, həmin adam Səlimin çıxarılmasına çox təəssüflənirdi, ona dedim ki, sürücü adamsan, səninçün nə fərqi, nazir Səlim oldu və ya qeyrisi??? cavab verdi ki, bəs əlillik düzəltdirmişdim bir neçə illər aldım, təzə gələn kimi kəsdilər. Dedim ki, nədən əlilsən axı görmə qabiliyyətin yaxşı, özün də maşallah cüssəli, 2-3 Tayson kimisini şil-küt edərsən, dedi ki, yox pul verib düzəltdirmişdim. Əlbəttə ki, mən onu qınadım, birbaşa üzünə, dedim ki, işləyirsən, sağlamsan, ayıbdır, bir söz deməyib susdu...
Hər halda səssiz oliqarx olmaz,saman altında su yeridən oliqarx olar yəqin
Allah atası Həsən müəllimə rəhmət eləsi