Bu gün Azərbaycanın igid general-mayoru Polad Həşimovun şəhadətə ucalmasından beş il ötür. 2020-ci il iyulun 14-də, Tovuz döyüşləri zamanı qəhrəmancasına həlak olan generalın itkisi təkcə bir ailənin deyil, bütün xalqın ürəyində silinməz iz buraxdı. Polad Həşimov şəhid oldu, lakin əbədiyaşar bir xalq qəhrəmanına çevrildi. Özü getdi, amma adı minlərlə körpəyə, məktəbə, küçəyə, ürəyə yazıldı.

"AzPolitika" xatırladır ki, Polad İsrayıl oğlu Həşimov 1975-ci ilin yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində sadə və zəhmətkeş bir ailədə dünyaya göz açıb. O, uşaqlıqdan Vətən sevgisi ilə böyüyür, hərbçi olmağı qarşısına məqsəd qoyumişdu. Orta məktəb illərindən hərbi sahəyə marağı ilə seçilən Polad, bu yolda ardıcıl və məqsədyönlü addımlar atdı.

1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həşimov, 1995-ci ildə bu təhsil müəssisəsini "motoatıcı" ixtisası üzrə uğurla başa vurdu. Daha sonra – 2014-cü ilin iyul ayında Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olaraq, 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsinə yiyələndi.

Polad Həşimovun hərbçi həyatı, əslində, daha erkən yaşlarından – Birinci Qarabağ müharibəsi dövründən başlamışdı. 1992-ci ilin noyabr ayında o, Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda aparılan döyüşlərə qatıldı. Həmin dövrdə 702-ci motoatıcı briqadanın tərkibində təlimlərdə iştirak edərkən, 1994-cü ilin fevralında Murovdağ istiqamətində baş vermiş əməliyyatlarda – xüsusilə "Güzgü", "Koroğlu" və "Ömər" mövqeləri uğrunda şiddətli döyüşlərdə iştirak etdi.

1994-cü ildə Müdafiə Nazirliyi tərəfindən hərbi biliklərini təkmilləşdirmək üçün o, Türkiyənin İstanbul şəhərindəki Tuzla Piyada Məktəbinə üç aylıq kurslara göndərildi. Müharibə bitdikdən sonra Polad Həşimov cəbhə bölgəsində yerləşən hərbi hissələrdə uzun illər ərzində xidmət göstərdi. 1995-ci ildən etibarən motoatıcı taqım komandirindən hərbi hissə komandirinə qədər yüksələrək, müxtəlif vəzifələrdə çalışdı və böyük təcrübə qazandı.

Peşəkar hazırlığını artırmaq üçün o, təkcə Türkiyədə deyil, digər xarici ölkələrdə də ixtisasartırma kurslarında iştirak etmişdi. Zamanla onun məsuliyyət dairəsi genişlənmiş, bölük komandirliyindən başlayaraq, daha yüksək qərargah strukturlarında – operativ idarəetmədə rəhbər vəzifələrə qədər irəliləmişdi.

28 yaşında ikən ona "mayor" rütbəsi verilmişdi. 2003-cü il iyunun 24-də ümummilli lider Heydər Əliyevin imzaladığı 887 nömrəli Fərmanla Polad Həşimov “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.

Altı il sonra isə o, artıq “polkovnik-leytenant” rütbəsini daşıyırdı. 2009-cu il iyunun 25-də Prezident İlham Əliyev tərəfindən Polad Həşimov “Vətən uğrunda” medalı ilə mükafatlandırıldı.


2014-cü ilin iyun ayında isə onun xidmətlərindəki yüksək məsuliyyət və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsi yenidən qiymətləndirildi və Prezidentin 575 nömrəli sərəncamına əsasən, Polad Həşimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu.

Aprel zəfərindən Tovuz şəhidliyinə uzanan bir general yolçuluğu

Polad Həşimov hər zaman əsgərləri ilə birgə ön xətdə olmuş, təhlükəni bölüşməkdən çəkinməmişdi. Onun komandirlik üslubu fərqli idi: əsgərləri ilə masa arxasında oturur, yeməyini bölür, çətinlikləri birgə yaşayırdı. Bu səbəbdən o, təkcə bir zabit kimi deyil, həm də böyük bir qardaş, dayaq, mənəvi örnək kimi qəbul olunurdu.

2016-cı ilin aprel ayı Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi yazıldı. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu təxribatına cavab olaraq Azərbaycan Ordusu Tərtər, Cəbrayıl və Füzuli istiqamətlərində əks-hücum əməliyyatlarına başladı. “Aprel döyüşləri” kimi tanınan bu əməliyyatlarda Azərbaycan Ordusu mühüm strateji mövqeləri – o cümlədən Talış yüksəkliyini və ətraf əraziləri düşməndən təmizləməyi bacardı.

Həmin günlərdə polkovnik Polad Həşimov 1-ci Ordu Korpusunun qərargah rəisi – komandir müavini kimi döyüş bölgəsində ön sırada idi. Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarəsi birbaşa ona həvalə edilmişdi. Əsgərləri ilə birlikdə ön xəttə gedərək döyüşün gedişatına rəhbərlik edən bu peşəkar zabit təkcə komandanlığı ilə deyil, cəsarəti və vətənpərvərliyi ilə də seçilirdi.


Aprel döyüşlərindəki şücaətinə görə Polad Həşimov 2016-cı il 20 aprel tarixində Prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi. Hökumət tərəfindən ona mənzil verilsə də, o, bu mənzili özünə saxlamadı – onu Aprel döyüşləri zamanı şəhid olan bir hərbçinin ailəsinə hədiyyə etdi. Bu davranışı Polad Həşimovun vətənə və silahdaşlarına olan sədaqətinin parlaq göstəricisi idi.


2016-cı ilin Aprel döyüşlərində və sonrakı əməliyyatlarda onun koordinasiya və idarəetmə bacarığı da parlaq şəkildə özünü göstərdi. Cəbhədə hər an döyüşə hazır olan komandir idi. Elə bu fədakarlığı və peşəkarlığı da dövlət tərəfindən dəyərləndirildi.

2019-cu ilin iyun ayında Polad Həşimovun xidməti fəaliyyətinə verilən qiymət onun hərbi karyerasında yeni bir zirvə oldu – Prezidentin sərəncamı ilə o, general-mayor ali rütbəsinə layiq görüldü. 


2020-ci ilin iyul ayında Ermənistan bir daha təxribatlara əl atdı. Bu dəfə döyüşlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verdi. İyulun 12-də düşmən qüvvələri Azərbaycan mövqelərini artilleriya atəşinə tutdu. Azərbaycan Ordusu dərhal cavab tədbirlərinə başladı. Gecə və gündüz saatlarında davam edən şiddətli qarşıdurmalarda Ermənistan ordusuna ağır zərbələr endirildi – onların canlı qüvvəsi, artilleriya sistemləri, komanda məntəqələri və digər strateji obyektləri məhv edildi.

Bu ağır günlərdə general-mayor Polad Həşimov yenə də öz əsgərlərinin yanındaydı. Ön xəttə getməkdən çəkinməyən general döyüş bölgəsində əməliyyatlara şəxsən rəhbərlik edirdi. Təəssüf ki, iyulun 14-də səhər saatlarında Tovuz rayonunun Ağdam kəndi istiqamətində düşmən mərmisi onun həyatına son qoydu. Bu, Azərbaycan üçün təkcə bir generalın itkisi deyildi – bu, millətin bağrına vurulan bir yara idi.


Tovuz döyüşləri zamanı onunla birlikdə polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE Elçin Mustafazadə, MAXE çavuş Vüqar Sadıqov, MAXE əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov da şəhidlik zirvəsinə ucaldılar. Onlar bir həftə davam edən döyüşlərdə Azərbaycan xalqının əzmini, birliyini və torpaq sevgisini göstərən simvollar oldular.

Hərbi əməliyyatlar zamanı şəhid olan yeganə general - Vətən sevgisinin, şərəfin, qəhrəmanlığın simvolu 

Polad Həşimovun öz xidmət yolu ilə Azərbaycan Ordusunun sadə əsgərdən general zirvəsinə qədər uzanan yolun nə qədər qürurlu və məsuliyyətli olduğunu sübut etdi. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Onun həyatı – vicdanın, fədakarlığın və əsl vətənpərvərliyin dastanıdır.


Polad Həşimovun şəhadəti xalqın ürəyində iz qoydu. General-mayor Polad Həşimovun şəhadətindən sonra onunla vida mərasimi 2020-ci il iyulun 15-də keçirildi. Minlərlə insanın iştirak etdiyi vida mərasimi şəhid generalın nə qədər böyük hörmət və sevgi qazandığını bir daha nümayiş etdirdi. Qəhrəman general Bakının II Fəxri xiyabanında böyük ehtiramla torpağa tapşırıldı.

Həmin günlərdə Bakının küçələrində “Polad general” şüarları səsləndi, insanlar könüllü şəkildə hərbi komissarlıqlara üz tutdu. Bu hadisə, əslində, 44 günlük Vətən müharibəsinin ilk mənəvi başlanğıcı oldu.

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il iyulun 29-da Qəbələ rayonuna etdiyi səfər zamanı Polad Həşimovun Vətən uğrunda göstərdiyi xidmətlərin unudulmamalı olduğunu vurğuladı və onun adının əbədiləşdirilməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verdi. Dövlət başçısının bu çıxışı xalqın ürəyində yaşayan generalın xatirəsinə verilən yüksək dəyərin təzahürü idi.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli, 2337 nömrəli Sərəncamı ilə Polad Həşimova ölümündən sonra Azərbaycanın ən ali fəxri adı – "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verildi. Bu ali ad, onun ölkənin ərazi bütövlüyünün qorunmasında və döyüş meydanında nümayiş etdirdiyi misilsiz igidliyin dövlət səviyyəsində rəsmi tanınması idi.

Nə xalq, nə də dövlət öz şəhid generalını unutmadı. Onun adı küçələrə, məktəblərə, park və muzeylərə verildi. Yüzlərlə yeni doğulan körpəyə onun adı qoyuldu.

2021-ci il mayın 7-də paytaxt Bakıda yerləşən Pavel Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırıldı. Bu qərar, generalın qəhrəmanlığının hər zaman paytaxtın ruhunda və yaddaşında yaşayacağının simvolik ifadəsinə çevrildi.

Eyni zamanda, 2021-ci il iyulun 22-də Bakının Xətai rayonunda Polad Həşimovun adını daşıyan park istifadəyə verildi. Bu park, şəhid generalın həyat və mübarizə yolunu yaşadan bir xatirə məkanına çevrildi və hər gün minlərlə vətəndaş tərəfindən ziyarət olunur.

Bu gün Polad Həşimovun şəhadətindən beş il ötür. Amma o, hər birimizin həyatında yaşayır –  insanların qəlbində özünə əbədi yer edib. Onun həyat yolu gələcək nəsillərə Vətən sevgisinin, şərəfin, qəhrəmanlığın simvolu kimi örnəkdir!

Polad Həşimov sübut etdi ki, rütbə insanın çiynində deyil, ruhundadır. O, canını Vətən üçün fəda etməklə əbədiyyətə qovuşdu. İllər keçsə də, hər 14 iyulda bu xalq onun xatirəsini yenidən yaşadır və yaşadacaq! Qəhrəmanlar, Şəhidlər ölmür – onlar xalqın yaddaşında əbədi yaşayır! 

İ. İsmayılbəyli

"AzPolitika.info"