Əsasən Rusiyada fəaliyyət göstərən “Taşir” şirkətlər qrupunun sahibi, Ermənistanda hakimiyyəti güc yolu ilə devirməklə təhdid etdiyi üçün həbsdə olan milyader Samvel Karapetyan öz siyasi komandasını yaradacağını bəyan edib. O, artıq bu işin getdiyini bildirib.

“AzPolitika” xəbər verir ki, erməni mediası Karapetyanın bununla bağlı açıqlamasını onun vəkillərinə istinadla dərc edib.

“Bizim siyasi komandamızın formalaşmasına başlanılıb”, - bəyanatda deyilir. Karapetyan Ermənistanda “fundamental olaraq yeni siyasi qüvvə” yaratmaq niyyətində olduğunu bildirib və baş nazir Nikol Paşinyanın siyasətinə qarşı çıxan bütün müxalifət hərəkatlarına hörmətlə yanaşdığını vurğulayıb. Eyni zamanda, o, ölkənin gələcəyi ilə bağlı öz baxışlarının olduğunu qeyd edib.

Onun sözlərinə görə, “hətta indiki administrasiyada hakim komandanın dəyərlərini bölüşməyən, lakin mövcud vəziyyətdən çıxış yolunu hələ görməyən peşəkarlar var”: “Biz bu hakimiyyətin cəmiyyətə tətbiq etdiyi, parçalanmaya səbəb olan və ölkəni zəiflədən “ağ-qara” və digər süni parçalanmaları rədd edəcəyik”.

Beləliklə, əvvəlcə sadəcə, Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxan Karapetyan, bunun Paşinyana qarşı siyasi mübarizəyə başlamaq üçün bəhanə olduğunu etiraf etmiş olur. Əksər müşahidəçilərin də qeyd etdiyi kimi, Kremlin göstərişi ilə hərəkət etdiyi şübhə doğurmayan Karapetyanın qatı millətçi və revanşist qüvvələrin yeni “liderinə” çevrilməsi prosesinə start verilir.

Qeyd edək ki, Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə iki ay müddətinə həbs edilib. Onun bəyanatından sonra hakimiyyət Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi və hərraca çıxarılması barədə qərar qəbul edib. “Taşir” Şirkətlər Qrupunun ofislərində axtarışlar və həbslər aparılıb.

“AzPolitika.info”