ABŞ Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını canlandırmaq məqsədilə regionda mühüm təşəbbüslə çıxış edib. ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak jurnalistlər üçün keçirilən brifinq zamanı bildirib ki, Vaşinqton iki ölkə arasında nəzərdə tutulan nəqliyyat dəhlizinin idarəsini öz üzərinə götürməyi təklif edib.
Səfirin sözlərinə görə, bu təklif Ermənistanla Azərbaycan arasında etimadı artırmaq və nəqliyyat-kommunikasiya bağlantılarının açılması ilə bağlı öhdəliklərin icrasına nəzarət üçün praktiki mexanizm yaratmaq məqsədi daşıyır.
“Birləşmiş Ştatlar regionda sabitliyin və sülhün bərqərar olunmasında maraqlıdır. Nəqliyyat dəhlizi yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır və biz bu prosesin şəffaf, təhlükəsiz və qarşılıqlı razılaşmaya əsaslanaraq həyata keçirilməsini təmin edə bilərik,” – deyə Barrak qeyd edib.
Hazırda Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda əsas mövzulardan biri məhz Zəngəzur dəhlizinin açılmasıdır. Bakı bu dəhlizin açılmasını və Naxçıvana maneəsiz keçidin təmin olunmasını tələb edir. Rəsmi İrəvan isə hələ də Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir.
"AzPolitika.info"

Şərhlər