Menu

Trampdan Ukraynaya 10 milyard dollarlıq silah paketi – Nələr ola bilər?

15.07.2025, 12:58
Trampdan Ukraynaya 10 milyard dollarlıq silah paketi – Nələr ola bilər?

ABŞ Prezidenti Donald Trampın iyulun 15-də elan etdiyi "birinci mərhələ" hərbi yardım paketi çərçivəsində Ukraynaya böyük miqdarda silah və sursat göndərilməsi planlaşdırılır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Axios” nəşri adının açıqlanmasını istəməyən mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, NATO üzrə ABŞ müttəfiqləri bu yardımın əsas maliyyə yükünü öz üzərinə götürəcək və Ukraynaya veriləcək silahlar üçün ABŞ-dən 10 milyard dollara qədər silah alacaqlar.

Tramp bu yardımı təqdim edərkən “milyardlarla dollar” dəyərində silah satışından danışıb və əlavə edib ki, bu vəsaiti ABŞ deyil, Avropadakı müttəfiqləri ödəyəcək.

Hazırda yardım paketinin detalları açıqlanmasa da, Avropa ölkələrinin ABŞ-dan aldıqdan sonra bu silahları birbaşa Ukraynaya ötürməsi planlaşdırılır.

Tramp və NATO-nun yeni baş katibi Mark Rutte yalnız “Patriot” hava hücumundan müdafiə sistemlərinin adını çəkiblər. Lakin “Axios” və digər Qərb mediası bu paketə uzaqmənzilli raketlər və artilleriya sursatlarının da daxil ola biləcəyini yazır.

Nəşr qeyd edir ki, söhbət elə raketlərdən gedir ki, onların fəaliyyəti Rusiyanın dərinliklərinə – o cümlədən Moskvada yerləşən obyektlərə qədər çata bilər.

Tramp daha əvvəl Ukraynaya yalnız müdafiə xarakterli silahların veriləcəyini bildirsə də, son çıxışında bu cür məhdudiyyətdən konkret şəkildə bəhs etməyib. Əksinə, o bildirib: "Bu yardım paketi Ukraynaya çox böyük miqdarda hərbi texnika, hava hücumundan müdafiə sistemləri, raketlər və döyüş sursatları əldə etmək imkanı verəcək."

Rasim Əliyev
AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol