İranın ali rəhbəri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Pakistanın daxili işlər naziri Mühsin Nakvi ilə Tehranda keçirilən görüşdə Azərbaycan əleyhinə ittihamlarla çıxış edib. O, Pakistan rəsmisinə bildirib ki, Azərbaycan hakimiyyətinin siyasəti İslam ölkələrinin mövqeyi ilə ziddiyyət təşkil edir.

Vilayəti deyib: “Sizin Azərbaycanla sıx əlaqələriniz var, amma nəzərə alın ki, bu ölkənin hakimiyyəti İslam dövlətlərinin mövqeyinə zidd addımlar atır. Məsələn, Əhməd Əş-Şəraa ilə sionist rejim arasında vasitəçilik, eləcə də İsrailə neft ixracı göstərilə bilər, özü də bu, Fələstin xalqına qarşı repressiyaların pik həddə çatdığı vaxtda baş verir. Pakistanın Azərbaycanın belə siyasətinin səbəblərini soruşmağa tam haqqı var”.

Politoloq Fərhad Məmmədov bildirib ki, Əli Əkbər Vilayətinin bu ritorikası İran diplomatiyasının zəiflədiyinin göstəricisidir.

“Vilayəti Paşinyanla şikayət yarışına çıxıb. Bu “qoca siçan” İsrail və ABŞ bombardmanlarından gizləndiyi zirzəmilərdən çıxaraq, indi də Azərbaycanın siyasətinə görə ikinci dərəcəli Pakistan rəsmisinə şikayət edir. Bu, nəinki İran diplomatiyasının, ümumiyyətlə rejimin acınacaqlı vəziyyətini göstərir”, - Məmmədov vurğulayıb.

Politoloq qeyd edib ki, əgər İran həqiqətən narazıdırsa, bunu dövlət səviyyəsində bəyan etməliydi: “Əgər bu qədər narahatsınızsa, rəsmi nota verin. Niyə bu iş müşavir səviyyəsində və özü də daxili işlər naziri ilə müzakirə edilir?”

Fərhad Məmmədov əlavə edib ki, Vilayəti öncə İranda hava məkanına nəzarəti bərpa etməyi düşünməlidir: “İndi İran rəsmiləri öz əraziləri üzərindəki uçuşları ICAO-ya əvvəlcədən bildirirlər ki, israilli dronlar onları vurmasın. Bu vəziyyətdə olan ölkənin Azərbaycana “İslam dünyasının maraqları” barədə dərs verməsi həm mənasız, həm də gülüncdür”.

Politoloq vurğulayıb ki, Azərbaycan bu gün Pakistandan milyardlarla dollarlıq silah alır, bölgədə təhlükəsizlik və sabitlik üçün danışıqlarda fəal iştirak edir: “İran isə ABŞ ilə “qeyd-şərtsiz danışıqlara” hazır olduğunu bəyan edir. Azərbaycana qarşı isə ritorik hücumlarla məşğuldur. Bu, çox bəsit və zəif mövqedir”.

Rasim Əliyev

“AzPolitika.info”