Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında həm daxili, həm də xarici siyasətə dair bir sıra qalmaqallı və diqqətçəkən bəyanatlar verib. O, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tənqid edərək, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığını açıq şəkildə etiraf edib.
Paşinyan 2022-ci ilin payızında Ermənistanın sərhədlərinə təhlükə yarandığı zaman KTMT-yə müraciət etdiklərini, lakin təşkilatın ziddiyyətli və passiv mövqe sərgilədiyini bildirib: “Biz KTMT-yə bildirdik ki, Ermənistanın sərhədlərinə təhdid var. Onlar əvvəlcə bu sərhədləri “qırmızı xətt” adlandırdılar. Lakin sentyabr-oktyabr hadisələrində cavab verdilər ki, sərhədlər bəlli deyil, bura Ermənistan ərazisidir, ya yox, aydın deyil. Bu sual doğurur: bəs o “qırmızı xətt” haradadır?”
Baş nazirin sözlərinə görə, bu münasibətdən sonra Ermənistanla KTMT arasında münasibətlərdə böhran başlayıb. Paşinyan bildirib ki, bu vəziyyət Ermənistanın müttəfiqlərinin onun ərazi bütövlüyünü tanımadığını göstərib: “Biz başa düşdük ki, bizim müttəfiqlərimiz ərazi bütövlüyümüzü tanımır. Bəs biz özümüz tanıyırıqmı? Aydın oldu ki, qonşularımızın ərazi bütövlüyünü tanımadan, özümüzünkünü tanıya bilmərik”.
Paşinyan bu fikirlərdən çıxış edərək, 6 oktyabr 2022-ci ildə Ermənistanın ərazi bütövlüyünü tanıdığını və bununla paralel olaraq Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı onun tərkib hissəsi kimi qəbul etdiyini etiraf edib: “Bəli, mən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı onun tərkibində tanımışam. Bu qərarı Qarabağdakı keçmiş hakimiyyətlə razılaşdıraraq vermişəm. Düşünürəm ki, bunu daha tez etməli idim”.
Mətbuat konfransında daxili siyasi diskursa da toxunan Paşinyan Ermənistan cəmiyyətində və siyasi dairələrdə qeyri-etik ifadələrin istifadəsini tənqid edib və bunlara qarşı çıxış edib: “Heç kim mənimlə bu lüğətlə rəqabət aparmasın. Mən beş cəzaçəkmə müəssisəsində olmuş biriyəm, filologiya və folklorla maraqlanıram. Pandoranın qutusunu açmağa ehtiyac yoxdur”.
Baş nazir həmçinin Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük üçün rəsmi müraciət etdiyini də açıqlayıb. Bu addımla Ermənistanın Rusiya ilə münasibətlərində gərginlik fonunda yeni xarici siyasət vektorları axtardığını təsdiqləyir.
Paşinyanın bu çıxışı həm Ermənistanın geosiyasi kursunun dəyişdiyini, həm də regionda yeni reallıqların formalaşdığını göstərir. Onun KTMT və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi, eləcə də ŞƏT-ə yönəlməsi rəsmi İrəvanın artıq fərqli platformalarda özünü təmin etməyə çalışdığını açıq şəkildə ortaya qoyur.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər