Slovakiyanın Baş naziri Robert Fitso uzun sürən müqavimətdən sonra Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 18-ci sanksiya paketini dəstəkləməyə qərar verdi. 18 iyulda səsverməyə çıxarılacaq paket əvvəllər Bratislava tərəfindən bloklanmışdı. Fitso bu qərarı Avropa Komissiyası ilə əldə edilən qaz qiymətləri üzrə təminatlar və milli maraqların qorunması ilə əsaslandırır.
Baş nazir öz “Facebook” video müraciətində bildirib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə qaz qiymətlərinə dair təminatlar əldə edilib. Məhz bundan sonra sanksiya paketinin bloklanmasının Slovakiya üçün artıq mənasız və ziyanlı olduğunu deyib:
"Bu mərhələdə sabah sanksiyaları bloklamaq artıq kontrproduktiv olar. Bütün variantlar tükənib, mövqeyimizin qorunması artıq milli maraqlarımıza təhlükə yaradır”.
Slovakiya daha əvvəl Avropa Komissiyasının 2028-ci ilə qədər Rusiya qazından tam imtina planına qarşı çıxaraq, bu addımın enerji çatışmazlığı, qiymət artımı və “Qazprom”un mümkün iddialarına səbəb ola biləcəyini bildirirdi. Fitso bu səbəbdən Aİ-dən ölkəsinin maraqlarını qorumaq üçün konkret təminatlar tələb edirdi.
Slovakiyanın dəstəyinə baxmayaraq, Aİ daxilində Rusiya sanksiyalarına qarşı müqavimət hələ də davam edir. Ən sərt mövqelərdən birini Macarıstan nümayiş etdirir. Ölkədə hökumətin başladığı təbliğat kampaniyasında Brüsselin siyasəti bombalarla və cəza ilə simvolizə olunur. Plakatlarda "Brüssel bizi sanksiyalarla cəzalandırır" şüarı yer alır.
Bu, təkcə daxili ictimai rəyə təsir vasitəsi deyil, həm də Budapeştin Aİ daxilində fərqli mövqe tutaraq təzyiq vasitələrindən istifadə etməsi strategiyasının tərkib hissəsidir.
Slovakiya ilə yanaşı, Malta, Kipr və Yunanıstan da yeni sanksiyalar paketinə etiraz bildirənlər sırasındadır. Onların əsas narahatlığı Rusiya neftinin qiymətinə qoyulacaq yeni "tavan"dır. Aİ planına əsasən, bu tavan son 10 həftənin orta bazar qiymətindən 15% aşağı müəyyən olunacaq.
Bu ölkələr, xüsusən də gəmiçilik və ticarət baxımından Rusiya neftinin daşınmasında mühüm rol oynayan Kipr və Malta, belə addımın öz bizneslərinə ziyan vuracağını düşünür. Onlar bu tədbirlərin, ümumiyyətlə, effektivliyini və məqsədəuyğunluğunu da sual altına alırlar.
Slovakiyanın mövqeyini dəyişməsi Avropa İttifaqının 18-ci sanksiya paketini qəbul etməsini asanlaşdıra bilər. Lakin Macarıstan, Kipr, Malta və Yunanıstan kimi ölkələrin davam edən narazılığı göstərir ki, Aİ daxilində vahid mövqenin formalaşdırılması getdikcə çətinləşir.
Eyni zamanda, bu hadisə göstərir ki, müzakirələr yalnız prinsipial dəyərlər deyil, konkret iqtisadi və siyasi güzəştlərlə müşayiət olunur. Robert Fitso kimi liderlər üçün isə "sanksiyalar məsələsi" ideoloji deyil, praktik və daxili maraqlara əsaslanan bir alətdir.
“AzPolitika.info”


Şərhlər