Rusiya Prezidenti Vladimir Putin, hökumətə 1 sentyabra qədər “qeyri-dost” ölkələrin proqram təminatına əlavə məhdudiyyətlərlə bağlı təkliflər hazırlamağı tapşırıb. Bu barədə Kremlin rəsmi saytında 17 iyulda yayımlanan sənəddə məlumat verilir.
Ən çox zərbə alacaq sahələrdən biri xarici mənşəli korporativ kommunikasiya xidmətləri, xüsusilə də “Zoom” və “Microsoft Teams” kimi platformalardır.
Bu tapşırıq 26 mayda Rusiya biznes dairələri ilə keçirilmiş görüşün nəticəsidir. Həmin görüşdə Putin açıq şəkildə bəyan etmişdi ki, xarici proqram təminatları Rusiya İT sektorunun inkişafına mane olur və “boğulmalıdır”. O, konkret adlar da çəkmişdi: Zoom, Microsoft və digər “qeyri-dost” texnologiyalar.
Rusiya rəsmiləri də bu çağırışa uyğun çıxışlar etməyə başlayıb. Rəqəmsal inkişaf naziri Maksut Şadayev bildirib ki, artıq xarici platformaların mərhələli şəkildə sıxışdırılması nəzərdən keçirilir: “Prezident dedi – boğacağıq,” – deyə Şadayev “Faridaily” saytına müsahibəsində qeyd edib.
Məlumata görə, məhdudiyyətlər ilk növbədə korporativ kommunikasiya xidmətlərinə tətbiq olunacaq. Yəni “WhatsApp” və “Telegram” kimi şəxsi mesajlaşma alətləri hələlik bu planlara daxil deyil. Lakin bu da bir faktdır ki, bu tip qərarlar çox zaman sürüşkən meyillidir və tətbiq dairəsi zamanla genişlənə bilər.
Bu addımın daha geniş kontekstdə Rusiyada texnoloji suverenliyin gücləndirilməsi, Qərblə texnoloji ayrılıq (decoupling) siyasətinin davamı və qapalı informasiya mühiti qurmaq cəhdi olduğu açıq görünür.
Putinin bu qərarı həm də qərb texnoloji nəhənglərinə qarşı siyasi mesajdır. ABŞ, Avropa və digər müttəfiq dövlətlərin platformalarının Rusiya üçün artıq təkcə texnologiya deyil, həm də ideoloji və təhlükəsizlik təhdidi kimi dəyərləndirilməsi, bu ölkənin sovet tipli informasiya qapalı rejiminə keçid etdiyini göstərir.
Xatırladaq ki, bundan öncə Rusiyada:
Meta (Facebook, Instagram) – ekstremist təşkilat elan edilmişdi,
Twitter (X) – bloklanmışdı,
Google xidmətlərinə qarşı cərimələr və texniki məhdudiyyətlər tətbiq olunmuşdu.
İndi isə sıra Zoom, Microsoft Teams, Slack və digər korporativ xidmətlərə çatıb.
Ekspertlərə görə, Putinin göstərişi, Rusiyanın təkcə siyasətdə deyil, həm də rəqəmsal müstəvidə özünü izolyasiyaya doğru apardığını bir daha təsdiqləyir. Xarici proqramlara qarşı aparılan bu kampaniya daxili texnoloji istehsalın təşviqi, təhlükəsizlik nəzarətinin gücləndirilməsi və Qərb texnologiyalarına olan asılılığın azaldılması hədəfləri ilə izah olunur. Lakin bu addımlar eyni zamanda Rusiya iqtisadiyyatının və texnoloji sektorunun qloballaşmadan daha da təcrid olmasına səbəb ola bilər.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər