“Bloomberg” agentliyi Avropa və ABŞ rəsmilərinə istinadən xəbər verir ki, rus xüsusi xidmət orqanlarının təşkil etdiyi ehtimal edilən diversiyaların sayı 2025-ci ilin əvvəlindən etibarən azalıb. Qərb kəşfiyyat orqanlarının məlumatlarına əsasən, bu azalma 2024-cü ilin payızından müşahidə olunmağa başlayıb.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hesablamalarına görə, 2025-ci ilin yanvar-may aylarında Avropada Rusiyaya aid edilən 11 diversiya hadisəsi qeydə alınıb. Bunlara İsveçdə optik kabel və mobil rabitə qüllələrinə qarşı yönəlmiş təxribatlar da daxildir. Müqayisə üçün, 2024-cü il ərzində bu say 30-dan çox olub. Həmin diversiyalar energetika, nəqliyyat, rabitə, hərbi obyektlər və su təchizatı kimi sahələri hədəfə alıb.
“Bloomberg”-in mənbələrinin bildirdiyinə görə, diversiya fəaliyyətinin azalması ABŞ-ın Rusiyaya verdiyi xəbərdarlıqdan sonra baş verib. 2024-cü ilin sonlarında DHL-in logistik mərkəzlərində - Birmingem, Leypsiq və Varşava ətrafında baş verən şübhəli yanğınlardan, həmçinin ABŞ-a yüklərin daşındığı təyyarələrdə partlayıcı maddələrin yerləşdirilməsi təhlükəsi barədə məlumatlardan sonra Vaşinqtonun rəsmi xəbərdarlığı rus rəsmilərinə çatdırılıb. Həmin dövrdə "The New York Times" da bu barədə yazmışdı.
“Bloomberg”-in analitikləri bildirirlər ki, diversiyaların azalmasının iki əsas səbəbi var:
Birincisi, Rusiyanın hibrid əməliyyatlara nəzarət imkanlarının zəif olması və icraçılar arasında etibarsızlığın artması.
İkincisi isə siyasi amillərlə bağlıdır. Belə ki, Moskva ABŞ-ı, xüsusilə Donald Trampın prezidentliyinin ilk aylarında qıcıqlandırmaq istəmir və münasibətləri daha da kəskinləşdirməməyə çalışır.
Qeyd edək ki, Kremlin bu mövzu ilə bağlı “Bloomberg”-in sorğusuna cavab vermədiyi bildirilir. Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Avropada Rusiyaya qarşı səsləndirilən diversiya ittihamlarını “tamamilə əsassız” adlandırmışdı.
“AzPolitika.info”


Şərhlər