Belçika İsrailin hücumları və blokadası nəticəsində aclıq və qıtlıqla mübarizə aparan Qəzza zolağındakı fələstinlilərə humanitar yardım göndərib.
Bu barədə Belçika Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Belçikaya məxsus A400M hərbi nəqliyyat təyyarəsi bu gün Qəzza zolağı üzərində uğurla 16 palet yardım paketini paraşütlə bölgəyə çatdırıb.
Yardım missiyasının İordaniya ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyi vurğulanıb. Belə ki, yardım paketlərinin tanınmış xeyriyyə təşkilatı olan İordaniya Haşimi Xeyriyyə Təşkilatı (JHCO) tərəfindən əvvəlcədən çeşidlənərək hazırlandığı qeyd edilib. Paketlərə əsasən makaron, düyü, konservləşdirilmiş qida və quru süd daxildir.
Açıqlamada Qəzza zolağında humanitar vəziyyətin son dərəcə ağır olduğu və bir çox bölgənin quru yolu ilə yardımdan məhrum qaldığı qeyd olunub. Belçikanın bu humanitar dəstəyinin, digər beynəlxalq tərəfdaşlarla birlikdə, əldə olunması çətin bölgələrə yardımın çatdırılmasını təmin etdiyi vurğulanıb.
Qeyd edək ki, İsrailin hücumları və mühasirəsi nəticəsində Qəzzada 2 milyondan artıq fələstinli aclıqla mübarizə aparır. Beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarına baxmayaraq, İsrail hücumlarını davam etdirir və quru və dəniz yolu ilə humanitar yardımların qarşısını alır.
"AzPolitika.info"


Şərhlər