“Trampın əsas məqsədi atəşkəsə nail olmaq idi. Bundan sonra Ukrayna və Rusiya arasında ikitərəfli müzakirələr başlamalıydı. Lakin görüşdən sonra verilən açıqlamada atəşkəs sözündən ümumiyyətlə, istifadə olunmadı. Tramp da Alyaskaya gedərkən FOX TV-yə müsahibəsində atəşkəsdən danışsa da, dönərkən eyni TV-yə açıqlamasında bu kəliməni "unutdu".

“AzPolitika” xəbər verir ki, bunu siyasi təhlilçi Şahin Cəfərli ABŞ və Rusiya liderlərinin görüşünün nəticələrini şərh edərkən bildirib.

“Bununla bərabər, belə görünür ki, Trampla Putin hansısa məqamlar üzrə şifahi razılığa gəlib, yaxud fikir birliyinə varıb və bunlar təbii ki, Ukraynanın xeyrinə deyil”, - o əlavə edib.

Ekspert vurğulayıb ki, ümumiyyətlə, hər dəfə Trampın Putinlə istər üz-üzə, istər telefonla, istərsə də diplomatiyadan bixəbər əmlakçı dostu Uitkoff vasitəsilə olan təmaslarında diktator bu adama öz mövqeyini, yanaşmalarını qəbul etdirməyə nail olur, lakin sonra ABŞ dövlət qurumları və avropalı müttəfiqlər birtəhər Trampı ABŞ-nin və ümumən Qərbin maraqları baxımından düz yola qaytara bilirlər. “Bu dəfə də eyni halın təkrarlanması mümkündür, hər halda, ortada imzalanmış hansısa sənəd yoxdur”, - o vurğulayıb.

Ş.Cəfərli vurğulayıb ki, ABŞ-yə səfər etməsi, orada öz sərsəm fikirlərini bir daha dünyaya elan etmək fürsəti qazanması və zərrə qədər də güzəşt etmədən geri dönməsi Putin üçün ciddi uğurdur. “Bu fürsəti ona ABŞ-ni idarə edən diletantlar və alverçilər yaratdı”, - təhlilçi qeyd edib.

“AzPolitika.info”