Tanınmış prokurorluq işçisi, təqaüddə olan baş ədliyyə müşaviri Mobil İsmayılovun 70 illik yubileyidir. “AzPolitika” onun həmkarı Ələmdar Məmmədovun təbrik-məqaləsini təqdim edir:
Hörmətli, Mobil müəllim!
Şərəfli ömür yolunuzun 70-ci baharına qədəm qoyursunuz.
Siz 20 avqust 1955-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində ziyalı ailəsində dünyaya göz açmısınız. Ailənin ilk övladı kimi gəlişiniz münasibətilə təşkil edilmiş məclisdə babanız, el ağsaqqalı Aslan kişinin yaxşı ad qoymaq üçün təsis etdiyi mükafatı atanız Vahid İsmayılov qazandı. Aslan babanızın “təmkinli”, “igid” mənasını verən bu ad xoşuna gəldi. Mobil!

Tezliklə atanızın vəzifə pillələrində sürətli inkişafı ilə əlaqədar doğma ocağı tərk etməli oldunuz. Əvvəlcə Zəngilan, bir müddət sonra Ağcabədi rayonunda təhsilinizi davam etdirib, orta məktəbi qızıl medalla başa vurdunuz.1972-ci ildə bir imtahandan əla qiymət alaraq ADU-nun hüquq fakültəsinə daxil oldunuz. Sizinlə ilk tanışlığımız da həmin ilə təsadüf edir. Universitetdə şahmat birinciliyində ikimiz də fakültənin şərəfini qorumalı olduq. O vaxt ağlımıza gəlməzdi ki, 20 ildən sonra yarımmühasirə vəziyyətində olan Cəbrayıl rayonunda Sizin təşəbbüsünüz və təşkilatçığınız ilə keçirilən “Xudafərin 91” beynəlxalq şahmat turnirinin iştirakçısı olacağıq.
Rayon Partiya Komitəsinin birinci katibinin oğlu olmağınıza baxmayaraq sadə və səmimi rəftarınız diqqətdən yayınmırdı. Dünyagörüşümüz, milli adət-ənənələrimizə sadiqlik, həyata oxşar baxışlar, ədəbiyyata, incəsənətə və idmana xüsusi maraq və digər keyfiyyətlərimiz bizi daha da yaxınlaşdırdı və münasibətlərimizi yarım əsrlik dostluğa çevirdi.
Siz, 1977-ci ildə institutu yaxşı və əla qiymətlərlə bitirdiyinizə görə prokurorluğa təyinat aldınız. Stajyorluq müddətiniz Səbail rayon prokurorluğunda müdrik insan, tanınmış prokuror Soltan Əliyevin yanında keçdi. Sonra vəzifə pillələri ilə inamlı irəliləyiş baş verdi. Orjonikidze (Suraxanı) rayon prokurorluğunda müstəntiq və baş müstəntiq, Bakı şəhər prokurorluğunun istintaq şöbəsində prokuror vəzifələrində işlədiniz. Sabaha ümidlərlə dolu bir ömür yaşadığınız zaman həyat Sizi və ailənizi ağır sınağa çəkdi. Gənc yaşlarından müxtəlif rayonlarda umumilikdə 20 il birinci katib işləyən atanız Vahid İsmayılovun 3 may 1983-cü ildə faciəli vəfatından sonra çox şey dəyişdi. Özünüzün dəfələrlə qeyd etdiyiniz kimi, telefon zəngləri, gediş-gəlişlər azaldı. Prokurorluq orqanında işdə qalıb-qalmamağınız gündəmdə olduğu bir zamanda rəhbərlikdə Sizə qarşı münasibəti dəyişməyən həmin vaxt Respublika Prokurorunun müavini işləyən İlyas İsmayılov oldu. Sonralar İlyas müəllim Respublika Prokuroru olarkən məhkəmələrdə baxılan cinayət işləri üzrə nəzarət şöbəsinin prokuroru və böyük prokuroru vəzifəsinə təyin edilməniz başqaları kimi, Sizi də təəccübləndirmişdi. İlyas müəllim Sizə və atanıza həmişə yüksək dəyər verirdi. Siz “60 ilin hesabatı” adlı kitabınızda yazırsınız: “İlyas İsmayılov Respublika Prokuroru olduğu dövrdə prokurorluğun mənəvi-əxlaqi kamillik mühitini daha da zənginləşdirdi. Mənəvi dünyasının işığı ilə sifətində əks olunmuş alicənab görkəmi onun gözəl insan olmasından, daxili və xarici aləminin vəhdətindən xəbər verirdi. Bu, mənim ilk müşahidələrimdən doğan qənaətim idi. Hamımız onu xeyirxah, nəcib, obyektiv bir insan olmaqdan savayı, həm də ciddi, tələbkar, prinsipial bir rəhbər kimi qəbul edirdik. O, yüksək mənəviyyata, dərin düşüncəyə, elmi fikir yürütmək bacarığına malik bir Respublika Prokuroru kimi tanınırdı”.
İlyas müəllim söhbətlərində bu yazı barədə deyirdi: ”Mənim haqqımda çox məqalələr yazılıb. Mobilin bu fikir və qeydləri hamısından üstündür”.
1992-ci ilin oktyabr ayında Sabirabad rayon prokuroru vəzifəsinə təyin edildiniz. Lakin cəmisi 9 aydan sonra kollegiya iclasında heç bir tutarlı səbəb göstərmədən Baş Prokuror Əli Ömərov Sizi vəzifənizdən azad etdi. Əli müllim tezliklə səhv qərar verdiyini etiraf edib hüquqlarınızı qismən bərpa edərək Sizi Səbayil rayon prokurorunun müavini vəzifəsinə təyin etdi. Sonralar Siz Saatlı, Cəlilabad rayon, Şirvan şəhər prokuroru vəzifəsində işlədiniz. Lakin əsrin əvvəllərindən prokurorluğun mərkəzi aparatı ilə aranızdakı münasibət kəskinləşdi. Necə deyərlər, “səhvsiz işləməyə məhkum edilmişlər” siyahısına salındınız. Dəfələrlə yerli-yersiz yoxlamalar aparıldı, haqqınızda gülünc qərarlar qəbul edildi.
Məsələn, bank işçilərininin bank fəaliyyəti ilə əlaqədar olmayan qanunsuz hərəkətləri barədə daxil olmuş ərizə əsasında bir neçə izahat aldığınıza görə Sizə şiddətli töhmət verdilər. Azğınlaşmış şər qüvvələr qanunla qadağan olunmasına baxmayaraq, barənizdə yazılmış imzasız məktub əsasında yoxlama aparmaq səviyyəsinə də endilər. Lakin Sizi sındıra bilmədilər.
Nəhayət, 2014-cü ilin aprel ayında Cəlilabad rayon prokuroru kimi 5 illik Konstitusiya müddətinizin başa çatması ilə əlaqədar fəaliyyətiniz yoxlanıldı və kollegiyanın qərarı ilə qənaətbəxş hesab edildi. Buna baxmayaraq bir neçə gündən sonra, qəbul edilmiş qaydalara zidd olaraq, vəzifədən çıxarılıb, 4 təsnifat aşağı vəzifəyə təyinat aldınız. Siz yeni iş yerinizdə bir gün də olsun işləmədən öz ərizəniz əsasında prokurorluq orqanlarından xaric olundunuz. Sizi haqsız yerə sındırmaq istəyənləri bu ağayanalığınızla “topu öz qapılarına vurmağa” məcbur etdiniz.
Sizin ömür yolunuza nəzər salarkən düşünürsən ki, əgər hüquqşünas olmasaydınız şübhəsiz ki, indi görkəmli, istedadlı yazıçı kimi tanınardınız. Bir-birindən maraqlı işıq üzü görmüş 7 kitabın müəllifisiniz. Əgər rejissor olsaydım, Sizin “Cəngəllik düsturları” romanınız əsasında həvəslə film çəkərdim. “Prokurorun qeydləri”, ”60 ilin hesabatı” adlı kitablarınız Azərbaycan hüquq ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır. “Atam haqqında əsl həqiqətlər” adlı kitabınızı həyəcansız oxumaq mümkün deyil. Mürəkkəblə deyil, sanki göz yaşları ilə yazılmış kitabda Siz təkcə atanız Vahid İsmayılovun şərəfli ömür yolu və faciəli ölümünü deyil, həm də o dövr cəmiyyətinin problemlərini, çatışmazlıqlarını obyektiv şəkildə göstərmisiniz. Kitabda Sizi həm də atasının imicini qoruyan sədaqətli övlad kimi görürük.
Bundan əlavə Siz müxtəlif dövrlərdə və mövzularda qələmə aldığınız onlarla publisistik yazıların müəllifi kimi də tanınırsınız.
İdman və xüsusilə futbol mövzusunda yazdığınız və mətbuatda dərc olunan məqalələr futbol ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır. Bu maraqlı məqalələrinizə görə hətta xüsusi mükafata da layiq görülmüsünüz. 2019-cu ildə çapdan çıxmış “QO-O-O-OL!” adlı kitabınızda futbol və futbolçular haqqında peşəkar jurnalist səviyyəsində fikir və düşüncələriniz olduqca maraqlıdır. Təsadüfi deyil ki, bir neçə dəfə Sizə futbol funksioneri olmaq təklif olunub. Dövrü mətbuatda idman mövzusunda bir neçə hekayəniz də dərc olunub.
Barənizdə ruz dilində çapdan çıxmış Famil Məmmədovun “Sladost borbı” (Mübarizənin şirinliyi) adlı bədii-sənədli povest maraqla oxunan əsərdir. Müəllif bu kitabda bədii dillə əslində Sizin portretinizi cızmışdır.
Ömrünün kamillik zirvəsinə qədəm qoymuş tanınmış hüquqşünas-prokuror, istedadlı qələm sahibi, səmimi insan və vicdanlı vətəndaş kimi Sizi 70 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram!

Şərhlər